O, gələcəyin ardınca qaçmadı... - Akademik

O, gələcəyin ardınca qaçmadı... - Akademik ​​​​​​​21 APREL AKADEMİK H.QULİYEVİN ANIM GÜNÜDÜR

Bahar o ildə elə indiki kimi qış havalı gəlmişdi. Onda da mən tez-tez dolub-boşalan buludların qaranlığında təbiətin bu dəyişkənliyini özümün təqvim yanlışlığıma yozub yaddaşımdan gileylənmişdim. Sonradan çöllərdə ayaq tutub yeriyən nərgizləri görüncə təəccübümü gizləyə bilməmişdim. Dünyanın çarxı dönmüşdü elə bil. Göyün yerdən xəbəri yox idi.

Əslində dünyanın dövranı çoxdan dönmüşdü və mənim aləmimdə bu dövranı dönmüş Dünyanın ən ağrılı günləri bizdə - divarları arasında xəyallar qurduğum, sevgi, sevinc, könül rahatlığı tapdığım evdə yaşanmaqdaydı.

Üç ilə yaxın səksəkə dolu bir kəsimin axır yeddi ayının həyəcanlı günləri bir-birini əvəzlədikcə gözlərimin önündə dağ boyda dərdin ağırlığına dözüm gətirən, bircə dəfə də olsun təmkinini pozmayan polad iradəli bir adam şam kimi əriyirdi. Tibdən gələn dəstək bəs etməyəndə üzümü göylərə tutub haqdan kömək diləyirdim. Təbii ki, sabahlarından kömək umduğum gecələrin hamısı üzümüzə xoş ovqatlı səhərlərlə açılmırdı.

Özü hər şeyin fərqində idi. Sual verməz, tibbi müdaxilələri rahatlıqla qəbul edər, hətta bəzən acı da olsa özünü gerçəkliklə barışmış kimi göstərməyə çalışırdı.

O, gələcəyin ardınca qaçmadı... - Akademik


Yadımdadır, günlərin birində təskinlik xatirinə hər şey elə yaxşı olacaq ki, qoy bircə yay gəlsin - demişdim üzümə baxmadan başını bulayıb acı-acı gülümsəmişdi.

Kövrəlməyə bilməmişdim. Ağlama demişdi, ağlamaq niyə? Başını dik saxla... mənim varlığımda olduğun kimi...

Ovcumu göynədən buz kimi əllərinə sığal çəkirdim. Gözlərimi üzünə dikmişdim, fikrim uzaqlarda idi. Gəncliyimin ilk illərində...

Təsəvvürümdə arzularımın dalınca çıxdığım yolun lap əvvəlində rastlaşdığım ortaboylu, qarayanız, gur saçlı, elə ilk baxışdan alimə bənzətdiyim gənc mehriban təbəssümüylə canlanmışdı. Çaşqınlıq içində İlahi, axı onun bu bəyaz saçlı, solğun bənizli, yorğun adamla nə əlaqəsi... deyib bütün varlığımla yeri, göyü və dünyanı qarğımışdım. Hətəm tələsmədən aram-aram heç vaxt danışmadığı qədər danışmışdı o gün. Özündən, öz valideynlərindən, tələbəlik illərindən. Bir sözlə, hər şeydən...

Mən həmişə düz yaşamışam deyirdi. Heç vaxt heç kim mənim haqqımda pis danışmaz deyirdi. Sən mənə görə heç vaxt utanmayacaqsan deyirdi. Dünyadan, insanlardan, hər şeydən razıyam deyirdi. Dünyaya gəldiyi üçün, Nail olduğu hər şey üçün Allaha şükür edir, bir səndən nigaranam, sənə çətin olacaq deyirdi..

Qəhərlənmişdi. Səsi qırılmışdı. Özünü toparlamağa çalışıb, kim bilir xəstəliyinin hansı mərhələsindən bəri ürəyində gəzdirdiyi elə mənim də bir ömür boyu unuda bilməyəcəyim gizlinlərini dilinə gətirmiş, ləyaqətli ol, demişdi. Sən mənim həyat yoldaşımsan, mənim həyat yoldaşım...

Hətəm sadə, çoxuşaqlı ailədə böyümüşdü. Atası Hidayət Quliyev (Hidayət həkim) Qarabağın məşhur bəylərindən olan Şahbaz bəyin üçüncü oğluydu. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bütün bəyliklərin yaşadığı repressiya dalğası bu ailədən də yan keçmədiyindən ailə başçısı bir gecənin içində yurd-yuvasından didərgin düşmüş, içi evləri qarışıq bütün mal-mülkləri hökumətin hesabına müsadirə olunmuşdu.

Hətəm danışırdı ki, 1941-ci ildə müharibə başlayanda atam cəbhəyə təhsil aldığı Tibb institutunun tələbəsi kimi yollanmışdı. Müharibənin sonuna kimi hospitalda xidmət göstərmiş, qələbədən sonra ölkəyə xidmətdə qazandığı orden və medallarla müharibə veteranı kimi qayıtmışdı. Atam ailəmizin müharibəyə yollanan üç üzvündən biri və həm də sağ-salamat qayıdan yeganə nümayəndəsi idi.

O, gələcəyin ardınca qaçmadı... - Akademik


Hətəm özünün sadə olmayan həyat yolunda rastlaşdığı minlərlə insan arasında 3 böyük kişini xüsusi hörmətlə yad eləyirdi. Bunlardan biri və birincisi atası idi (Növbəti ikisi başqa mövzunun söhbətidir, bu haqda sonra). Onsuz da atamgil müharibədən əvvəl də bütün varidatlarını itirmişdilər deyirdi. Müharibə bitəndən sonra repressiya məsələləri nisbətən yumşalmışdı. Odur ki, atamgilin hökumətə çoxlu sayda müraciətlərini, onların vətən qarşısındakı xidmətlərini nəzərə alaraq hökumət Babam Şahbazın müsadirə olunandan sonra Seyidəhmədli kəndində məktəb kimi fəaliyyət göstərən evini özümüzə qaytarmışdı. Amma artıq bütün külfətimizi orada yerləşdirə bilmədiyinə görə atamgil evi kiçik əmimə verib özlərinə təzə yurds almağı qərarlaşdırmışdılar. Atam həkim kimi fəaliyyətə başlayandan sonra Füzulinin mərkəzində götürdükləri yurd yerində özümüzə Şahmar əmimlə birgə balaca bir ev qaralamışdılar və biz iki ailə uzun müddət orda birgə yaşamalı olmuşduq.

Hətəm o illərdə yaşadığı kasıbçılığı heç unutmurdu. Bizim təhsil aldığımız illərdə hər şey kimi, kitab da tapılmırdı, insanların çörəyi daşdan çıxırdı, qıtlıq, yoxsulluq baş alıb gedirdi. Bu çətinlik içində bir də uşaqlarını təhsilli görmək insandan fərqli düşüncə tərzi tələb edirdi və o, atamda var idi. Bütün çətinliyə baxmayaraq, atam bizə lazım olan kitabları yer deşiyindən də olsa tapıb gətirərdi. O, bəlkə bununla özünün yarım qalmış arzularını gerçəkləşdirmək istəyirdi, bilmirəm, amma bütün halda təhsilimiz həmişə onun diqqət mərkəzində idi. Arzularından biri məni həkim görmək idi, lakin maraqlarımı nəzərə alaraq öz seçimimə də hörmətlə yanaşmışdı. Sonralar mən çox gənc ikən elmlər namizədi, elmlər doktoru olanda, atam avtoreferatlarımı əlinə alıb Füzulinin sadə camaatına paylayar, sevincini bölüşərdi.

Hətəm ömrünün son günlərində məni anasının adıyla Ağgül deyə çağırırdı. Hətta bir dəfə mənim ən çox kimi görmək istərdin, de, çağırım görüşün sualına balaca uşaqlar kimi mamamı deyə cavab vermişdi...

Nəsildə elmə gedən yolun ilk yolçusu Hətəm olmamışdı. Bu yol ona İkinci Dünya müharibəsindən qayıtmayan atasının böyük qardaşı, özündən sonra heç bir nişanəsi qalmayan Şəfayət əmisindən yadigar idi. Uğurla keçdi. Ot basmağa, itməyə qoymadı. Həm də öz şəxsi keyfiyyətləriylə, cəmiyyətdəki mövqeyilə özündən sonra gələn nəsildaşları üçün nümunəyə çevrilə bildi. Hətəmin bir vaxtlar düşdüyü cığır bu gün Tibb üzrə elmlər doktoru professor T.Hüseynov, Tibb üzrə fəlsəfə doktoru V.Quliyev, Tibb üzrə fəlsəfə doktoru V.Hüseynov, Hüquq üzrə fəlsəfə doktoru A.Hüseynova, Tibb üzrə fəlsəfə doktoru, Nyu-York Universitetinin professoru Ş.Hüseynov, uzman doktorlar A.Quliyeva, F.Quliyev və elmin müxtəlif pillələrində böyük ustalıqla addımlayan sabahın alimləri Safiyyanın, Nuranənin, Mirhüseynin və b. şəxsində böyük bir magistrala çevrilə bilib. Heç şübhəsiz, illər sonra elmin ən yüksək mərtəbəsində həm daxili potensialı, həm da xarici görünüşüylə babasına daha çox oxşayan Nazim Quliyev imzasına da rast gələcəyik.

Bir haşiyə çıxım. Hətəm Quliyev elmi araşdırmalarını Ukraynada aparmışdı. Onun elm keçdiyi Ukraynanın Mexanika İnstitutu təkcə keçmiş SSRİ-nin deyil, həm də dünyanın bir nömrəli elm mərkəzlərindən biri idi. Onun elmi işinə rəhbərliyi Dünya şöhrətli alim SSRİ E.A.-nın həqiqi üzvü Quz edirdi. Özü xatirələrində gərgin işləyirdim deyirdi. Ona görə də mövzumu vur-tut ikicə ilin içində tamamlayıb, çox gənc ikən əvvəlcə 21 yaşımda namizədlik, az sonra isə doktorluq işimi müdafiə etdim. 29 yaşımda mexanika üzrə elmlər doktoru, 31 yaşımda isə professor oldum. Hətəm elmin müxtəlif sahələrilə məşğul olurdu. Başqa bir dünya şöhrətli alim, AMEA-nın müxbir üzvü, İngiltərənin Oksford Universitetinin professoru, akademik Rəşid Cavanşir onu ensiklopedik alim adlandırırdı.

Biz hər il Hətəm Quliyevin anım günündə elmmetrik üsullardan istifadə edərək, müxtəlif elmi bazalardan məlumatlar əldə edir, onun elmə gətirdiyi yeniliklərin, kəşflərin dünya elminə təsirini və ona verdiyi töhfələri nəzərdən keçiririk. Bu gün artıq 4 ildir ki Hətəm müəllim aramızda yoxdur, amma bu illər ərzində dünyanın 50-dən çox ölkəsində 30.000-dən çox alim onun əsərlərinə müraciət edib, yararlanıb və tətbiq etmişdir. Bu faktlara əsaslanaraq əminliklə demək olar ki, akademik Hətəm Quliyevin elmi irsinin əsas davamçısı elə onun özüdür.

Böyük sevgilərlə K.Cəfərova


Tehsil-press.az

Oxşar xəbərlər