
Rektor Elçin Babayev BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan Qərib Mürşüdovun dünyada bioinformatika sahəsində tanınmış mütəxəssis olduğunu bildirib. O qeyd edib ki, professor Qərib Mürşüdov bioinformatika, zülalların üç ölçülü quruluşlarının öyrənilməsi sahəsindəki tədqiqatları ilə nəinki BDU-nun, Azərbaycanın və türk dünyasının fəxrinə çevrilib. Məhz bu xidmətlərinə görə tanınmış alim 2022-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Sonra söz qonağa verilib. Professor Qərib Mürşüdov təqdimatında struktur biologiya haqqında məlumat verib, bu elm sahəsinin bioloji prosesləri, zülalların və molekulların quruluşunu öyrəndiyini deyib. O diqqətə çatdırıb ki, zülallar orqanizmdə olan proseslərin hər mərhələsində iştirak edir. Ona görə də zülalların üç ölçülü quruluşlarının öyrənilməsi fundamental bioloji proseslərin başa düşülməsinə kömək edir. Bu isə öz növbəsində xəstəliklərlə mübarizə aparmaq üçün dərmanların hazırlanmasında istifadə oluna bilər. Tanınmış alim vurğulayıb ki, dünyada zülal quruluşlarını öyrənən minlərlə laboratoriya var. Zülalların verilənlər bankında 235 min zülal quruluşu haqqında məlumat olduğunu bildirən alim onların öyrənmə üsulları (rentgen kristalloqrafiyası, elektron mikroskopiya və maşın öyrənmə-proqnozlaşdırma) barədə tələbələrə məlumat verib. Süni zəkadan istifadə edərək zülal quruluşlarının öyrənilməsinin mövcud durumu və perspektivləri barədə fikirlərini bölüşüb.
O, struktur biologiyanın geniş perspektivlərə malik olduğunu, gələcəkdə daha sürətlə inkişaf edəcəyini deyib. Hesablama struktur biologiyasında müasir üsulların inkişafına, Azərbaycandakı gənclərin bir hissəsini bu elmi istiqamətə yönəltməyə böyük ehtiyac olduğunu vurğulayıb.
Sonda qonaq tələbə və əməkdaşların suallarını cavablandırıb.
Tehsil-press.az