Kembric Universitetinin azərbaycanlı professoru növbəti uğura imza atıb

Kembric Universitetinin azərbaycanlı professoru növbəti uğura imza atıb Qərib Mürşüdov Avropa Molekulyar Biologiya Təşkilatının üzvü seçilib
Azərbaycanlı alimlərin dünyanın ən nüfuzlu elmi-tədqiqatçıları arasında ön cərgələrdə yer alması hər birimiz üçün qürur mənbəyidir. Bizlərə belə bir qüruru yaşadan alimlərimizdən biri isə hazırda dünyanın və Böyük Britaniyanın ən nüfuzlu ali məktəblərindən hesab olunan Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında tədqiqat qrupunun rəhbəri həmyerlimiz professor Qərib Mürşüdovdur. Bu günlərdə Q.Mürşüdov növbəti elmi uğura imza atıb. Alim Avropa Molekulyar Biologiya Təşkilatının (EMBO- European Molecular Biology Organization) üzvü seçilib. EMBO Avropada molekulyar biologiya sahəsində aparıcı təşkilatdır və istedadlı alimlərin axtarışı və stimullaşdırılması ilə məşğul olur.
1964-cü ildən aparıcı alimlər hər il elmdə onların sübut edilmiş elmi nailiyyətləri nəzərə alınmaqla EMBO üzvü olurlar. Bu il təşkilatın üzvlüyünə 56 alim layiq görülüb.
"EMBO-nun üzvləri həyat haqqında elmlərin bütün əsas istiqamətlərində - hesablama modellərindən və ya ayrı-ayrı molekul və hüceyrə mexanikasından tutmuş inkişafın daha yüksək nizamlı sistemlərinin, təkamül və koqnitiv neyroelmlər sahələrinin öyrənilməsi sahəsində araşdırmalar aparan görkəmli alimlərdir",- deyə EMBO-nun direktoru Mariya Leptin bildirib.
Diqqətəlayiq fakt odur ki, bu vaxta qədər EMBO-nun 45 üzvü Nobel mükafatına layiq görülüb. EMBO-un bir çox təşəbbüsləri Avropada təbiət elmləri sahəsində alimlərin tədqiqatlarına əhəmiyyətli dərəcədə təsirə malikdir. EMBO gənc alimlərə öz tədqiqatlarını irəli aparmağa, beynəlxalq reputasiyalarını inkişaf etdirməyə və onların mobilliyini təmin etməyə kömək edir.
Qeyd edək ki, Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan Qərib Mürşüdovun əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması, struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması kimi istiqamətləri əhatə edir. 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetində çalışıb, universitetin Kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub. Məqalələrinə, o cümlədən proqramlarına olan istinadların sayı 20000-dən çoxdur. Alim Yaponiya, Amerika, Braziliya, Uruqvay, Çin, Hindistan və sair ölkələrdə beynəlxalq kurslar təşkil edib.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər