Milli Məclisin üzvü Nigar Məmmədova BDU-da "Gənclər Heydər Əliyev ideyalarının daşıyıcısıdır" mövzusunda mühazirə deyib

Milli Məclisin üzvü Nigar Məmmədova BDU-da Bakı Dövlət Universitetinin (BDU) Heydər Əliyev Muzeyində Milli Məclisin üzvü, BDU-nun məzunu Nigar Məmmədova "Gənclər Heydər Əliyev ideyalarının daşıyıcısıdır" mövzusunda tələbələrə mühazirə deyib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Nigar Məmmədovanın ictimai-siyasi fəaliyyəti haqqında tələbələrə məlumat verib, Universitetdə iki ildən artıq  müddətdə davam edən "Heydər Əliyev mühazirələri" layihəsinin Ulu Öndərin zəngin irsinin tələbələrə aşılanmasında əhəmiyyətini vurğulayıb.

Daha sonra məruzə ilə çıxış edən Milli Məclisin üzvü Nigar Məmmədova bildirib  ki, Azərbaycanda gənclər siyasətinin formalaşmasında, milli dəyərlərin, vətənpərvərlik ruhunun inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilib.

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir.

Daha sonra millət vəkili tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər