
Tural Piriyevin dosyesini təqdim edirik.
Tural Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.
2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb.
2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.
2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.
2007-2012-ci illərdə "PAŞA Holding" MMC-də hüquqşünas, 2012-2014-cü illərdə "Kapital Bank" ASC-nin hüquq departamentinin direktoru vəzifələrində çalışıb.
Bu müddət ərzində paralel olaraq "Kapital Bank" ASC-nin audit komitəsinin üzvü, "PAŞA Həyat Sığorta" ASC-nin təftiş komitəsinin sədri, "Azərbaycan Gimnastika Federasiyası" İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.
2016-cı ildən 2020-ci ilin may ayınadək "PAŞA Holding" MMC-nin Türkiyə nümayəndəliyinin rəhbəri olub, eyni dövrdə Türkiyədə "PD Turizm ve Gayrimenkul A.Ş." şirkətinin Müşahidə Şurası sədrinin müavini, "Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş." şirkətinin Müşahidə Şurasının üzvü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.
İngilis, rus, türk dillərini bilir.
Evlidir, iki övladı var.
Tural Piriyev həm də jurnalist ailəsində böyüyüb, formalaşıb. O, tanınmış qələm sahibi, usta qəzetçi Qüdrət Piriyevin oğludur. Musavat.com bildirir ki, Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il sentyabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində doğulub. “Xalq qəzeti”nin Redaksiya Heyətinin üzvü, baş redaktorun birinci müavinidir. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adını daşıyır.
Tehsil-press.az