
Yeni nazir müavinlərinin dosyelərini təqdim edirik:
Bayramov Anar Məhərrəm oğlu 1975-ci ildə Bakı şəhərində anadan olub.
1991-ci ildə orta məktəbi medalla bitirib. Həmin il Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub. Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. ATU Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb.
2003-cü ildən etibarən Tibb üzrə fəlsəfə doktorudur (PhD).
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb.
Tibb sahəsindəki fəaliyyətini 1998-ci ildə “MediClub” klinikasında həkim olaraq davam etdirib.
Elmi dərəcə aldıqdan sonra 2003-cü ildən ATU-nun Daxili xəstəliklər 1 və Reanimatologiya kafedrasının assistenti vəzifəsində işləyib.
2002-ci ildə “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində işləməyə başlayıb. Həmin il şirkətin baş direktorunun müavini təyin olunub.
2004-cü ildə isə həmin şirkətin baş direktoru təyin edilib.
2009-cu ildə “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin sədri təyin edilib.
2021-ci ildə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Eyni ildən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017 illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) Prezidenti, 2017-2020 illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin Rəhbəri, 2021-ci ildən “A-Group” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Prezidenti, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş məclisin üzvü olaraq ictimai vəzifərdə çalışır.
20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.
Maliyyə, sığorta, tibb, səhiyyədə islahatlar sahələri üzrə çoxsaylı beynəlxalq seminar, təcrübə və proqramların iştirakçısı olmuşdur.
Evlidir, 2 övladı var.
***
Rəşad Əzizağa oğlu Mustafayev 1978-ci ildə anadan olub.
1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.
2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.
Tehsil-press.az