Bu sözləri açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, ən azı minimal xarici dil bilikləri və kompüter bacarıqları olmalıdır:
"Son dövrlərlə əvvəlki dövrləri müqayisə etdikdə görürük ki, universiteti bitirdikdən sonra məzunlardan müvafiq sahə üzrə təcrübə tələb olunur. Eyni zamanda, bəzi işəgötürənlər tərəfindən müəyyən dil bilikləri, eləcə də kompüter bilik və bacarıqlarının olub-olmaması sorğulanır. Təbii ki, bütün bunlar onu deməyə əsas verir ki, ali təhsil müəssisələri yalnız ixtisas istiqamətində kadr hazırlığı həyata keçirməklə kifayətlənməməlidir. Eyni zamanda, tələbələr üçün təcrübə keçmək imkanları da formalaşdırılmalıdır. Bununla yanaşı, təhsil alan şəxs özünü inkişaf etdirmək barədə düşünməlidir. Yəni, ən azı minimal xarici dil və kompüter biliklərinə sahib olmalıdır. Bu parametrlərə cavab verdikdə, iş tapmaqla bağlı çətinliklər də aradan qalxır."
Həmçinin, tələbələrin təcrübə müddətinin başlanma vaxtı ilə bağlı verilən təkliflərdən də danışıb:
"Biz dəfələrlə təklif etmişik ki, ali təhsil müəssisələrində tələbələrə təcrübə imkanı yalnız son kursun son semestrində deyil, 3-cü kursun başlanğıcından etibarən yaradılmalıdır. Tələbələr, 3-cü kursdan etibarən hər hansı bir istehsalat müəssisəsində və ya digər qurumlarda təcrübə keçmək imkanı qazanmalıdırlar. Eyni zamanda, onların təcrübə keçmələri ilə paralel olaraq onlarla əmək müqaviləsi bağlanması daha məqsədəuyğun olardı. Bu halda, tələbə həm təcrübə qazanmış olar, həm də həmin təcrübə onun əmək müqaviləsində öz əksini tapar. Beləliklə, sabah hər hansı bir işəgötürənə müraciət etdikdə, həmin şəxsin ixtisasla bağlı minimum 1-2 illik təcrübəyə sahib olduğu görünər. Bu zaman iş tapmaqla bağlı çətinliklər də aradan qalxar."
Elçin Əfəndi ixtisas seçiminin də işsizliyə səbəb olduğunu vurğulayıb:
"Bildiyiniz kimi, son dövrlərdə əmək bazarında bəzi ixtisaslara tələbat o qədər də yüksək deyil. Əsasən, İT, maliyyə, PR, reklam və marketinq istiqamətlərində tələbat daha çoxdur. Bununla yanaşı, pedaqoji yönümlü ixtisasları bitirən şəxslərin də əmək bazarında iş imkanları daha genişdir. Təhsil müəssisələri, hazırlıq kursları və digər sahələrdə iş tapmaq mümkündür. Bu baxımdan, tələbələr bu sahələrə üstünlük versələr, gələcəkdə iş tapmaqla bağlı ciddi problemlərlə qarşılaşmazlar. Bəzən kortəbii seçimlər və düzgün ixtisas seçilməməsi əmək bazarında işsizliklə nəticələnir."
"Universiteti sadəcə diplom xatirinə oxumaq doğru deyil. Həqiqətən də bir ixtisas üzrə təhsil alırsansa, mütləq o sahədə dərin biliklərə sahib olmalısan. İxtisasını peşəkar şəkildə mənimsəməlisən ki, sənə ehtiyac duyulsun. Peşəkar mütəxəssis kimi formalaşdıqda, iş tapmaq da daha asan olar. Əgər bu kimi məsələlər aradan qalxarsa, məzunların iş tapmaqla bağlı problemləri də həllini tapar," — deyə o, sonda əlavə edib.
Tehsil-press.az