UNEC-də tələbələrin istehsalat təcrübəsində yeni standartlar

UNEC-də tələbələrin istehsalat təcrübəsində yeni standartlar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə və magistrlərin ixtisas, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin yenidən təşkilini müzakirə etmək məqsədilə görüş keçirilib.
Görüşdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov yeni təhsil standartlarına əsasən, bakalavrların istehsalat təcrübəsinin 14 həftə müddətində təşkil ediləcəyini bildirib. Rektor istehsalat təcrübəsində yeni standartların tələbələrin praktik bilik və vərdişlərə yiyələnməsinə geniş imkanlar yaradacağına əminliyini ifadə edib.
İstehsalat təcrübəsinin təşkilində qarşıya çıxan problemlərdən bəhs edən təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov müəssisələrlə müqavilə imzalanmasında, müxtəlif dövlət və özəl təşkilatlarda təcrübə keçən tələbələrin sənəd və proqramlarla tanış olmasında məhdudiyyət və qadağalar qoyulmasının çətinliklər yaratdığını bildirib. O, həmçinin təcrübəçilərə formal yanaşma, onların təhlükəsizliyinin təmin edilməməsi, əmək kitabçalarının açılmaması və sığortalanmaması kimi maneələrin olduğunu qeyd edib. Tələbələrin ixtisas üzrə yerləşdirilməsi, təcrübə obyektlərində sıxlıqların yaranması kimi problemlərdən də bəhs olunub.
Fakültə dekanları təcrübənin təşkilində sıxlığın aradan qaldırılması və şəffaflığın təmin edilməsi məqsədilə tələbə hesabatının qəbulu və qiymətləndirilməsinin təcrübə proqramlarının tələblərinə uyğun testlər əsasında elektron qaydada həyata keçirilməsini təklif ediblər. Görüşdə bank işi ixtisası üzrə təhsil alan tələbələrin Rusiyada keçdikləri təcrübənin səmərəliliyi vurğulanıb, digər ixtisaslar üzrə xarici ölkələrdə təcrübənin təşkili istiqamətində fəallığın artırılmasının vacibliyi qeyd olunub.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər