.png)
Onunla müsahibəni təqdim edirik:
- Nadir müəllim, akademik Nizami Cəfərovun müsahibəsində rus və digər dillərdən keçən sözlərin lüğətə salınması ilə bağlı fikirləri rezonans yaratdı. Sözsüz ki, söhbət heç də həmin sözlərin orfoqrafiya lüğətinə daxil edilməsindən getmir. Sizin yanaşmanız necədir, dilimizdə ümumişlək olan sözlər üçün ayrıca lüğətin tərtib edilməsinə ehtiyac varmı? Bu sözlərin yayğınlığı ədəbi dilin normalarına təsiri haqqında düşüncələriniz nədən ibarətdir?
- Əslində, burada işin mahiyyəti düzgün açıqlanmayıb. Çünki lüğət dedikdə, Azərbaycan dilinin orfoqrafiya lüğəti nəzərdə tutulur. Amma bu belə deyil. Nizami müəllim sıradan bir adam deyil ki, danışıqda olan əcnəbi və digər sözlərin dilə salınmasını istəsin. O, intellektual adamdır, dilçiliyimizin tarixində bu səviyyədə az-az adamlar var. O, özü bilərəkdən bu ifadəni işlədib. Tamamilə də düz deyib. Mən də onun tərəfdarıyam.
Biz hazırda Dilçilik İnstitutunda Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlayırıq. Birinci dəfədir ki, türkdilli xalqlar içərisində süni intellektin köməyi ilə Azərbaycan dilinin izahlı lüğəti hazırlanır. İndiyə kimi olan lüğətdə ancaq mətbuatda gedən sözləri seçib, açıqcaları yazıblar, düzüblər və s. Bununla da işlərini bitmiş hesab ediblər. Sonradan da deyiblər ki, bu, lüğətdir.
Müasir dövrdə, sosial şəbəkələrin meydan açdığı, süni intellektin hakim olduğu bir şəraitdə primitiv üsuldan istifadə etmək mümkün deyil. Ona görə də biz bu məsələdə əhvalı dəyişdik. Bu gün süni intellektə adi bir robot kimi baxmaq olmaz ki, sən ona nəsə dedin, o da cavab verdi. Bu belə deyil. Bunlar proqramlar, rəqəmsal texnologiyalardır. Biz bunların köməyi ilə dilimizdə olan sözlərin bazasını yaratmışıq. Müəyyənləşdirməyə çalışmışıq ki, bizim dilimizdə nə qədər söz var.
Hörmətli akademikimiz də demir ki, dildə işlədilən bütün sözləri lüğətə salmalıyıq. O deyir, axtarılan, tapılan sözlər var ki, onlardan ümumişlək söz kimi yararlanmaq olar. Araşdırmalarımız nəticəsində 180 min emal olunmuş söz toplamışıq. Bu proses yaxın zamanlarda uğurla yekunlaşacaq. Proqram təminatı, aparıcı media orqanları olan qəzetlərin - “525-ci qəzet", “Azərbaycan”, “Xalq qəzeti”, “Ədəbiyyat qəzeti"ndə də bu məsələdə yararlanaraq 520 milyon söz və söz formasından istifadə edilib.
- Bəs hamı tərəfindən işlədilən sözləri hansı halda lüğətə salmaq olar?
- Bunun üçün tezlik lüğəti hazırlamışıq. Az-az işlədilən sözlər var ki, bunu yazıçı, jurnalist, publisist düzəldib işlətsə də, o, işlək mexanizmə düşmür. Amma elə sözlər var ki, ondan bir milyon dəfə istifadə edilir. Amma biz o sözlərin heç də hamısını lüğətə daxil etmirik. Ədəbi dilin özünün qaydaları var. Orfoqrafiya lüğəti də məhz ədəbi dilin normalarına uyğun yazılma qaydalarıdır.
- Orfoqrafiya lüğətinə düşməyən, amma daha çox işlədilən sözlərin aqibəti necə olacaq?
- Sözsüz ki, orfoqrafiya lüğətinə düşməyən sözlər daha çoxdur. Danışıqda işlədilən bu sözlərin sayı kifayət qədərdir. Bizim danışığımızın hamısı elmi, bədii üslubdan ibarət deyil ki, mütləq qaydalara əməl edək.
Əslində, Nizami müəllim bizim yeni lüğətlə bağlı gördüyümüz işdən xəbəri olmadan belə çox düzgün arqumentlər səsləndirir. Bu gün dilimizdə sözlər emal edilir, təkararları çıxır, söz dəyişdirilir, şəkilçilər, isimin dəyişən formaları və sair var ki, bu bizə lazım deyil. Bizə yeni sözlər, tapıntılar lazımdır. Akademik də deyir ki, bu gün dilimizdə işlədilən “nu çto”, “vapşe”, “semiçka”, “padnos” kimi sözlər Azərbaycan dilinin orfoqrafiya lüğətinə düşmür. Amma biz lüğət dedikdə, gözümüz önünə Azərbaycan dilinin orfoqrafiya lüğətini gətirməməliyik. Burada söhbət, ümumiyyətlə, lüğətdən gedir.
Ümumi lüğətdə isə söyüşlər, vulqar sözlər dilimizdə çıxdaş deyil. Ədəbi dilimizə düşməyən, amma dildə olan sözlərdən ibarət lüğət də hazırlamaq olar. Amma heyif ki, naşı adamlar bundan istifadə etdilər, məsələni bilmədən şişirtdilər, böyütdülər. Konkret fikir odur ki, lüğət hazırlananda bilinsin, bizim dilimizdə belə sözlər də var. Ədəbi dilimizə daxil olmasa da, bu bilinməlidir. Biz bu məsələni çoxdan həll etməliydik.
- Dilimizdə olan sözlərin bazasını necə müəyyənləşdirmək olar? Dialekt sözlərin, söyüş kimi işlədilən ifadələrin mövcudluğundan imtina etmək nə dərəcədə məntiqli görünür?
- Bizim də məqsədimiz odur ki, dilimizdə olan sözləri göstərək. Dialekt, vulqar sözlər bu gün dildə işlədilir. Bunu necə danmaq olar?
Biz uzun müddət dedik ki, xristian irsimiz yoxdur. Sonradan ona aid abidələri başqaları öz adlarına çıxanda durduq, dedik ki, yox, bizim xristian tariximiz də olub. Bu da həmin şeydir. Necə deyə bilərik ki, bu sözlər bizim dilimizdə yoxdur? Axı, bunlar indi dildə hamı tərəfindən işlədilir. Müstəqil lüğətlər yaradıb hamı tərəfindən işlədilən, amma ədəbi dildə qəbul edilməyən o sözləri də ora daxil etmək lazımdır.
- Ümumişlək rus sözləri ilə yanaşı, türk və fransız dilindən keçmə sözlər var ki, qarşılığı olsa belə işlədilir…
- Misal üçün, “pardon”, “abi” kimi sözləri lüğətə salmaq olmaz. Əcnəbi sözləri ora doldurmağa nə ehtiyac var ki? Dilimizdə "bağışlayın" sözü varsa, niyə “pardon” sözünü lüğətə salmalıyıq? Sıradan biri gündə gəlib deyəcək ki, yeni söz tapdım və sair - bu, belə ola bilməz. Söhbət ədəbi dildə işlənən sözlərin lüğətə daxil edilməsindən gedir.
Amma başqa lüğətlərdə o sözlərin olması mümkündür. Misal üçün, çuqun, yarus, mətbəə, nabor kimi sözlər daha çox işlədilir. Bu da beş-on dənədir. Əgər söhbət kosmosla bağlı sözlərdən gedirsə, bunlar rus sözü deyil, sovet dövrü ilə bağlıdır. Rus dilində işlədilən məişət sözləri də Azərbaycan dilində işlədilir. “Semiçka”, “istəkan” kimi sözlər isə rus mənşəli deyil.
- Rus mənşəli sözlər daha çox şifahi nitqimizdə işlədilir, eləmi?
- Ədəbi dilimizdə rus sözləri yoxdur. Rusların özü bu sözləri əcnəbi dillərdən alıb, öz dillərində sərbəst işlədirlər. Amma bunlar bizim ədəbi dilin məhsulu deyil. Bütün alınma sözləri orfoqrafoya lüğətinə salmaq olmaz. Yalnız danışıq dili üçün xarakterik olan sözlər var, söhbət onlardan gedir.
Tehsil-press.az