“Ali təhsil artıq elit seçim deyil, kütləvi mərhələyə keçib” - Kamran Əsədov

“Ali təhsil artıq elit seçim deyil, kütləvi mərhələyə keçib” - Kamran Əsədov "Son yarım əsrin təhsil göstəricilərinə baxanda çox aydın bir tendensiya görünür: ali təhsil artıq “elit seçim” deyil, kütləvi mərhələyə keçib. Əgər 50 il əvvəl məktəb məzunlarının cəmi 15-20 faizi universitetlərə üz tuturdusa, 1980-ci illərin sonunda bu göstərici 25-30 faizə qalxmışdı. Bu gün isə bəzi ölkələrdə ali təhsilə yönələnlərin payı 50–70 faiz, hətta daha yüksəkdir. Finlandiyada bu göstərici 94 faiz, Cənubi Koreyada 96 faiz, ABŞ-də 82 faiz, Böyük Britaniyada isə təxminən 60 faizdir. Bu rəqəmlər ali təhsilin genişlənməsini göstərir, amma keyfiyyət və real fayda məsələsini avtomatik həll etmir".

Bu fikirləri təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.

"Pandemiyadan sonra isə daha dərin bir dönüş baş verdi. Ənənəvi universitet modeli artıq yeganə və ya əsas bilik mənbəyi olmaqdan uzaqlaşdı. İnsanlar gördülər ki, real iş bacarıqları, çevik kompetensiyalar və tez uyğunlaşma qabiliyyəti klassik auditoriya mühitindən daha sürətli və effektiv formada qeyri-formal təhsil vasitəsilə əldə oluna bilir. Qısa müddətli kurslar, ixtisasartırma proqramları, onlayn təlimlər və sertifikatlar bir çox hallarda universitet diplomundan daha funksional nəticə verir. Bu, universitetlərin tamamilə lazımsız olması anlamına gəlmir. Problem ondadır ki, bir çox universitetin verdiyi təhsil əmək bazarının real tələblərindən geri qalır. İşəgötürənlər artıq “haranı bitirmisən?” sualından çox, “nə bacarırsan?” sualını verir. Və bu bacarıqların böyük hissəsi 4–5 il davam edən klassik təhsil yox, məqsədli, qısa və praktiki proqramlarla formalaşır".

Onun sözlərinə görə, yaxın 5 ildə auditoriyalarda ənənəvi dərslərin əsasən zəif təhsil sistemi olan ölkələrdə qalacağı ehtimalı getdikcə güclənir.

"Güclü təhsil sistemləri isə daha çevik, hibrid, praktik və fərdiləşdirilmiş modellərə keçir. Artıq yeni təhsilalma və təhsilvermə modeli sınaqdan çıxıb və uğurlu nəticə göstərib. Az xərcli, mobil, çevik və ehtiyaca əsaslanan təhsil dövrü başlayıb. Bu prosesin qarşısını almaq mümkün deyil. Məsələ bu dəyişikliklərə dirənmək yox, onları düzgün oxumaq, milli təhsil siyasətini və universitet modelini bu reallıqlara uyğunlaşdırmaqdır. Təhsil diplom üçün deyil, real həyat üçün olmalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər