
Qətl hadisəsi 14 may 2022-ci ildə, saat 15 radələrində Xaçmaz rayonu Niyazoba kəndində baş verib.
Pərvin Nəmətov kənddəki fərdi yaşayış evində süfrə başında ailə üzvləri ilə birlikdə nahar edərkən atası Hacıkərim onun arvadına aqressiv şəkildə cavab verib, bu səbəbindən aralarında mübahisə yaranıb və atası onun ünvanına nalayiq ifadələr işlədib. Əvvəllər də mütəmadi olaraq onu danlaması, ona və ailə üzvlərinə qarşı kobud rəftar etməsinə görə aralarında ədavətli şəxsi münasibətlər olub. Bu hadisədən sonra isə o, atasını öldürmək qərarına gəlib.
Bu məqsədlə ayağa duran oğul masanın üzərindən mətbəx bıçağını götürüb və divanda oturmuş atasına zərbələr yetirib. Hacıkərim aldığı xəsarətlərdən ölüb.
İstintaq orqanı tərəfindən Pərvin Nəmətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin bildirib ki, ailədə üç övladıq:
"Mən evin ən böyüyüyəm. Məndən balaca Nəbi adlı qardaşım, Sevinc adlı bacım var. Nəbi Bakı şəhərində, Sevinc isə Xaçmaz rayonu Suxtakələ kəndində yaşayır. 2021-ci ildə ailə həyatı qurmuşam və birgə nikahımızdan Nuray adlı 1 qız övladımız dünyaya gəlib. Mən ailəm ilə birlikdə Xaçmaz rayonu Niyazoba kəndində yerləşən atama məxsus evdə yaşayıram. Anam da bizimlə bir yerdə yaşayır və anam onkoloji xəstədir. Mənim Niyazoba kəndində ayrıca evim olsa da, həmin ev tam təmirli olmadığından atamgillə qalıram. Atam heç bir yerdə işləməyib, mal-qara saxlamaqla, evin həyətində tərəvəz məhsulları əkməklə məşğul olub. Özümə məxsus traktorla kənd ərazisində müxtəlif şəxslərin torpaq sahələrində yer şumlayaraq ailəmi dolandırıram".
Təqsirləndirilən şəxs qeyd edib ki, atası Hacıkərim ilə heç vaxt münasibəti normal olmayıb:
"Atam hər gün evdə hamını danlayır, söz-söhbət salır, məndən və arvadımdan evindən getməyimizi tələb edirdi. Hətta mən əsgər getməmişdən qabaq saxladığımız mal-qara örüşdən gələnə qədər atam məni evə buraxmırdı, dəfələrlə çöldə yatmışam. Anam onkoloji xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, atam arada əsəbiləşəndə anamı da döyüb. Ancaq atamın bizi bezdirməsi, bizə zülm verməsi və anamı döyməsi ilə bağlı atamdan heç bir vaxt hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Atamın adi bir şey üstündə adamı danlayıb, nalayiq ifadələrlə təhqir etməsi məni bezdirdi. Atamın başqa şəxslərlə də arasında münasibəti heç bir zaman yaxşı olmayıb".
Pərvin deyib ki, 14 may 2022-ci ildə, saat 15 radələrində yaşadıqları evdə ailəlikcə nahar ediblər:
"Həmin vaxt qayınanam Solmaz da bizə qonaq gəldi. Evin qonaq otağında hamımız süfrə başında əyləşdik. Mən stolun başında, qapı istiqamətində, atam divanın sol küncündə, anam da atamın yanında oturmuşdu. Arvadım Nərgiz anamla, qayınanam Solmaz isə atamla üzbəüz istiqamətdə stulda əyləşmişdi. Yemək yeyən zaman Hacıkərim söhbət edərkən həyətdəki ştillərin basdırılmasında qayınanamdan kömək etməsini xahiş etdi. Qayınanam da Hacıkərimə etiraz etmədi və razılığını bildirdi. Həmin vaxt Nərgiz atama nəsə dedi. Lakin hazırda Nərgizin nə dediyini xatırlamıram. Hacıkərim isə Nərgizin sözündən sonra özündən çıxaraq arvadım ilə acıqlı danışmağa başladı. Mən atama etiraz etdim, heç nə olmadan niyə acıqlı danışdığını soruşdum. Atam mənimlə də yüksək tonla danışdı, məni təhqir etməyə başladı və aramızda mübahisə düşdü. Hacıkərimin bu hərəkətlərindən artıq təngə gələrək onu cəzalandırmaq qərarına gəldim. Çünki evdə nə qədər söz-söhbət olar? Yediyim çörək də burnumdan gəlib. Atamın nalayiq ifadələrindən sonra ayağa qalxaraq stolun üstünə diqqətlə baxmadan əlimi ataraq nəsə götürdüm və stolun başından fırlanaraq atama yaxınlaşdım. Əlimdəki əşya ilə "bəsdir də, nə qədər olar, bu zülm, artıq bizi bezdirmisən" sözlərini dedim. Sonra atamın qoluna vurdum. Bu zaman əlimdəki əşyanın bıçaq olduğunu və bıçağın atamın qoluna batdığını gördüm. Ancaq atamı bıçaqla vurmaq fikrim olmayıb. Sadəcə atamın sakitləşməsi, bir daha bizi bezdirməməsi üçün cəzalandırmaq istəmişəm. Atamın üstünə gedəndə arvadım da stuldan durdu və arxamca gəldi, məni dartaraq evin həyətinə çıxardı. Həyətdə bir qədər oturdum. Ailə üzvlərim tərəfindən dərhal təcili tibbi yardıma məlumat verildi və atamın bıçaqla vurduqdan sonra onun öləcəyini bilməmişəm. Bir müddət sonra təcili tibbi yardım həkimləri gələrək atamın öldüyünü dedilər. Təcili tibbi yardımın həkimləri tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə məlumat verildi. Evimizə gələn polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildim. Etdiyim əməldən peşmanam".
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Nəmətovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Pərvin Nəmətov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Pərvin Nəmətovun apellyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilib.
Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.
Tehsil-press.az