32 il şəhid nişanlısının yolunu gözlədi, nəşi gəldi: Demişdi ki, hər şey yaxşı olacaq - REPORTAJ

32 il şəhid nişanlısının yolunu gözlədi, nəşi gəldi: Demişdi ki, hər şey yaxşı olacaq - REPORTAJ Bəşər yaranandan nakam, yarımçıq qalan sevdalardan qalaq-qalaq şeirlər, romanlar, dastanlar yazılıb. İndi isə dövrümüzün Sevdasından danışacağıq. Necə ki, günlərdir hər kəs onun təsirli hekayəsindən danışır - sevgisi və sədaqəti ilə örnək olan vəfalı Azərbaycan qadınından. 32 il əvvəl itkin düşmüş nişanlısı Mehman Musayevi gözləyən və heç vaxt ailə həyatı qurmayan Sevda Əliyeva.

Görüşümüz Bakıdakı parklardan birindəndir.

Qara paltarlı qadın – Sevda Əliyeva asta addımlarla bizə sarı gəlir. Kəlbəcərdə, şəhid nişanlısı Mehman Musayevin dəfnində çəkilmiş fotosunu ilk görəndə “Qadının gözlərindən kədər axır” demişdim. İndi həmin gözləri yaxından görürəm. Mənə elə gəlir ki, bu qadın illərin həsrətini və ağrısını gözlərində gizlədib.

Salamlaşırıq.

- Müsahibə vermək istəmirdim, çünki Mehmanın dəfnindən bugünədək özümə gələ bilmirəm. Sonra düşündüm ki, ölüm anidir, birdən ömür vəfa etməz. İndi buradayam.

Sevda xanım deyir ki, Mehmanın yoxluğunda, ötən 32 ildə kədər və qəmin əlindən çox çətinliklər çəkib:

“Hər günüm onun yolunu gözləməklə keçib, heç vaxt ümidimi itirməmişdim, ta ki iyulun 4-nə qədər... Onu dəfn edənə qədər də ümidim var idi. Həmişə deyirdim ki, əli, qolu olmasın, amma gəlsin, mən ona özüm kimi baxaram. Valideynləri də bu dərdə dözə bilməyib, onun həsrəti ilə bu dünyadan köçdülər. Mən ailə qurmadığıma görə sanki fərəhlənirdilər, fəxr edirdilər və deyirdilər ki, Sevda ailə qursa, elə bilərik ki, Mehman ikinci dəfə itkin düşüb. Mənim də onsuz da elə bir xarakterim yox idi. Onu heç vaxt unudub, evlənə bilməzdim. Elçi düşənlər də çox oldu, amma həmişə deyirdim ki, Mehman gələcək”.

Hər günü göz yaşı ilə keçən Sevda xanım bir gün yaşamış olduğu əhvalatdan söz açır:

“Çox ağlamışam, o günüm olmayıb ki, ağlamadan keçsin. Bir dəfə ağlaya-ağlaya xalçanın üstündə uzanmışdım. Qəfil televiziyada Zeynəb Xanlarovanın “Ağlama, Sevdam” mahnısı səsləndi. Heç özgə vaxt axtarsa idim, o mahnı gəlməzdi. Həmin anda səslənməsi sanki təsəlli verdi və həmin gün gözümün yaşı qurudu. Mehman məni həmişə öz adımla çağırardı. Adımdan çox xoşu gəlirdi. Deyirdi, sənə nə yaxşı ki bu adı qoyublar. Özü də Sevdanı o qədər gözəl deyirdi ki, hələ mənə elə Sevda deyən olmayıb".

Sevda Əliyeva həm də nişanlısı dəfn olunduqdan dörd gün sonra 62 yaşını tamamlayıb:

“İyulun 8-də 62 yaşım tamam oldu. Ətrafımdakı dostlar, tanışlar istədi mənim doğum günümü qeyd etsin. Mən istəmədim, belə vəziyyətdə doğum günümü qeyd edə bilməzdim. Baxmayaraq ki, bu qədər ağırdır, amma indi az da olsa təsəlli tapıram, bilirəm ki, indi heç olmasa bir gül qoyacağım məzar var”.

Qeyd edək ki, Mehman Camal oğlu Musayev 1964-cü il iyunun 5-də Kəlbəcər rayonunda anadan olub. Birinci Qarabağ müharibəsində itkin düşən şəhid M.Musayevin nəşi bu il iyulun 4-də ailəsinə təhvil verilərək Kəlbəcərdə dəfn olunub.

Daha ətraflı videomaterialı təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər