Bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, tibb, mühəndislik, aqrar sahələr, kibertəhlükəsizlik, alternativ enerji və logistika kimi sahələr gələcəkdə yüksək tələbatlı peşələr sırasında olacaq :
"İlk növbədə abituriyent öz maraq və bacarıqlarını düzgün təhlil etməlidir. Hansı fənni oxumaqdan zövq alır? Hansı sahədə özünü təsəvvür edə bilir? Hansı fəaliyyətlər onu ruhlandırır? Bu suallara dürüst cavab, ixtisas seçimində ilk bələdçi olmalıdır. Əgər abituriyent marağı olmayan sahəyə yönələcəksə, yüksək bal toplasa belə, təhsil müddətində motivasiyasını itirə və nəticədə həmin ixtisas üzrə uğur əldə edə bilməz.
Bundan əlavə, əmək bazarının tələbləri də nəzərə alınmalıdır. Məsələn, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, tibb, mühəndislik, aqrar sahələr, kibertəhlükəsizlik, alternativ enerji və logistika kimi sahələr gələcəkdə yüksək tələbatlı peşələr sırasında olacaq. Dövlət Statistika Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilə aid məlumatları göstərir ki, ali təhsilli işsizlərin əksəriyyəti humanitar və sosial sahələr üzrə təhsil almış şəxslərdir. Ona görə də yalnız prestijə və ya stereotiplərə əsasən seçim etmək olmaz.
İxtisas seçimi zamanı ali məktəbin tədris keyfiyyəti, təcrübə imkanları, mübadilə proqramları və əməkdaşlıq etdiyi şirkətlər də nəzərə alınmalıdır. Məsələn, bəzi universitetlər konkret ixtisas üzrə yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir, tələbələrə təcrübə və iş imkanları yaradır. Bu, ixtisas üzrə oxuyarkən real peşə mühiti ilə tanış olmaq və məzun olduqda iş tapmaq imkanını artırır.
Abituriyentlər ixtisasların təhsil haqlarını, yaşam xərclərini və təqaüd imkanlarını da nəzərə almalıdır. Ödənişli əsaslarla oxumağı planlaşdıran abituriyentlər ailələrinin maddi vəziyyətinə uyğun real seçimlər etməlidir. Təhsil haqqı yüksək olan, lakin məşğulluq baxımından zəif olan ixtisaslara yönəlmək risklidir.
Kodlaşdırma zamanı isə yalnız yüksək bal tələbi olan, populyar və ya valideynlərin istədiyi ixtisasları ilk sıralara yazmaq doğru deyil. Real ehtimala uyğun seçimlər edilməlidir. Bal ehtimalı uyğun gəlməyən, düşmək şansı olmayan ixtisasların çoxluq təşkil etdiyi kodlaşdırma, nəticədə imtina ilə nəticələnə bilər.
Bütün bu amillərlə yanaşı, abituriyent seçimləri zamanı Dövlət İmtahan Mərkəzinin rəsmi ixtisas seçimi platformasından, peşəkar məsləhətçilərdən və universitetlərin təqdim etdiyi məlumatlardan da istifadə etməlidir. Valideynlər isə seçim prosesində yönəldici deyil, dəstəkləyici mövqedə olmalıdırlar.
Yekun olaraq, düzgün ixtisas seçimi üçün şəxsi maraq + bacarıq + əmək bazarının tələbi + ali məktəbin keyfiyyəti + ailənin imkanları = uğurlu gələcək düsturuna əsaslanmaq lazımdır. Qərarı abituriyent özü verməli, nəticəsini isə o daşıyacağını unutmamalıdır".
Tehsil-press.az