
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Forum beynəlxalq ictimaiyyəti düşündürən mövzuya həsr olunub: “Tədbirdə 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak edib. Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr isə məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib”.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Forumda iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Dövlətimizin başısı ölkəmizin xarici siyasəti, regionda vəziyyət, sülh imkanları və digər aktual məsələlərlə bağlı fikirlərini ifadə edib. “Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Bu etimad sayəsində Azərbaycan bəzi ölkələr arasında yaranmış problemlərin həllində uğurlu vasitəçilik edir. Nəzərə alaq ki, müstəqillik dövründə Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması idi. Dövlətimizin öz gücünə bu problemi həll etdikdən sonra beynəlxalq miqyasda sülh və əməkdaşlıq naminə vasitəçilik imkanlarını daha da genişləndirib. Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bu barədə bildirib. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq”. Proseslər isə göstərir ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan güclü dövlət olaraq beynəlxalq müstəvidə sülh və əməkdaşlığa bundan sonra daha böyük töhfələr verəcək”, - o qeyd edib.
Sevinc Fətəliyeva qeyd edib ki, Cənubi Qafqazda sülhün təmin olunması vacibdir: “Bu baxımdan, Prezident İlham Əliyev Forumda Əbu-Dabi görüşü ilə bağlı fikirləri diqqəti cəlb edir. Dövlət başçısı “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın”,-deyə bəyan edib. Cənab Prezident sülh müqaviləsinin paraflanması ideyasının da Azərbaycan tərəfindən irəli sürüldüyünü vurğulayıb. “Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, üç ölkə nəhayət, heç olmasa, hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin”,-deyən dövlətimizin başçısı Zəngəzur dəhlizi haqqında da prinsipial mövqeyini xatırladıb. Bu da ondan ibarətdir ki, Naxçıvanla gediş-gəliş maneəsiz və təhlükəsiz olmalıdır.
Bütövlükdə, Forumda aparılan müzakirələr böyük əhəmiyyət kəsb edir. Tədbir dövlətimizin regional və qlobal məsələlərlə bağlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da önəmlidir”,- deyə deputat söyləyib.
Tehsil-press.az