Xüləs, keçək mətləbə. O gün “Sahil” metrosundan çıxıb sağa buruluram, birdən fikir verirəm ki, metrostansiyanın girişinə 5-10 addım qalmış hansısa ticarət obyektinin qarşısında iki gənc qız dayanıb siqaret sümürürlər.
“Gənc qız” deyərkən, hesab etməyin ki, söhbət 23-25 yaşlı qızlardan gedir. Yox. Bunların yaşı çox olardı 17-18. Özləri də soyuq havaya rəğmən yüngül geyimdə idilər, bəlliydi ki, iş yerindən çıxaraq, gənc orqanizmlərinin nikotinə olan tələbatını ödəyirlər.
Mən belə mənzərələri vaxtilə Kiyevdə və İstanbulda çox görmüşəm. Eynilə Kiyevdə də gənc qızlar soyuq havada ofislərin, mağazaların, digər iş yerlərinin qarşısında yüngül paltarda dayanıb, soyuqdan sitildəyə-sitildəyə siqaret çəkir, bitirən kimi tez-tələsik içəri qaçırdılar. Küçə boyunca azı 7 yerdə belə mənzərə görmüş və sonradan bu barədə yazmışdım.
İstanbulda isə bütün alış-veriş mərkəzlərinin, metrostansiyalarının qarşısında xüsusi ayrılmış yerlərdə dayanaraq siqaret çəkən müxtəlif yaşlı qadınlar görmüşdüm. Onların sayı siqaret çəkən kişilərin sayından çox idi. Bir dəfə zarafata salıb bir istanbullu arkadaşdan soruşdum ki, burada, İstanbulda siqara içməyən kadın-kız varmı, əcaba. Adam mənə cavab verdi ki, qayət normaldır, siqara yalnız erkəklər üçün deyil.
Hərçənd siqaret çəkən qadınların adama boğuq, xırıltılı kişi səsi ilə cavab verdiklərini görəndə hiss edirsən ki, qadınların siqaret çəkməsi nəinki “qayət normal” deyil, hətta qəti şəkildə anormaldır. Qlamir görünüşlü bir qadın niyə Vısotskinin və ya məşhur filmdəki Ramiz dayının səsi ilə danışmalıdır ki?
Əslində heç kişilər də siqaret çəkməməlidir, amma bunun əlacı yoxdur. Dünyada heç bir ciddi yasaq, sərt qayda-qanun kişiləri bu “həzz”dən məhrum edə bilməz. İşin sonunda ölüm olsa da, çəkəcəklər. Necə ki müasir tibb siqaret aludəçiliyinin sonunda ölüm olduğunu çoxdan təsdiqləyib, amma milyonlarla adam hələ də yanmış tütün tüstüsünü sümürdükcə sümürür.
Qayıdaq “Sahil” metrostansiyasının yanında siqaret çəkən 17-18 yaşlı iki qızın yanına və çalışaq özümüzü tüstüyə verməyək. Onları görəndə az qaldım dayanam və qızlara deyəm ki, bax, su sonası kimi gözəl, incə-mincə qızlarsınız (doğrudan da eləydilər), sizə yaraşarmı özünüzü belə pis vərdişdən asılı edir, gənc orqanizminizə balta vurursunuz, üstəlik, kənardan da pis görünür.
Bu yerdə hansısa xala onlara “bax, sizi bu cür görəndən sonra hansı oğlan atanızın evinə elçi göndərər” deyə də bilərdi, amma burası dəqiqdir ki, 1 dəqiqədə yüzlərlə adamın ötüb keçdiyi küçədə dayanıb siqaret çəkən qızların “elçi gözləmək” kimi dərdləri yoxdur.
Ancaq ürəyimdən keçsə də, onlara heç nə demədim, keçib getdim. Durduq yerdə davaya düşmək nəyə lazımdır? Əvvəla, qızlar çox kobud cavab verə bilərdilər, ikincisi, söhbətə başqaları da qarışar, məni tamam “neprav” çıxarardılar. Öz həyatlarıdır, özləri bilər.
Sadəcə, diqqətimi o çəkdi ki, indiyədək gənc qızların siqaret çəkməsi halları barlarda, xidmət salonlarında olardı. İş yerində, evində gizli şəkildə çəkənlər də vardı. İndi bu haqq-hesab küçəyə çıxıb. Bu, irəliyə doğru addımdır, Avropaya yaxınlaşmaqdır.
O fikirdə deyiləm ki, qızların siqaret çəkməsi onların əxlaqının göstəricisidir. Elə deyil. İndiyədək kafe-restoranlarda oturub siqaret üfürənləri (onlar siqareti çəkməkdən çox, bayıra üfürürdülər) avtomatik olaraq “quş” hesab edənlər vardı, indi elə deyil. Baxırsan, normal, abırlı, ismətli qızdır, amma siqaret çəkir. Demək, nəsə bir metamorfoza gedib, gedir. (Hərçənd yenə adamlar olacaq ki, bir-birinə deyəcəklər: “Qaqa, özün bilərsən, amma o qızı metronun çıxışında siqaret çəkən yerdə görüblər”).
Söhbət ondadır ki, bu, çox ziyanlı vərdişdir. Kişi orqanizmi nikotinə uzun müddət müqavimət göstərə bilir, qadın orqanizmi isə göstərə bilmir.
P.S. Fotoda siqaret çəkdiyi görünən qızlar xarici ölkə vətəndaşlarıdır.
Tehsil-press.az










