Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, müəllimin səriştəsi əsas məsələdir:
“Xüsusilə ibtidai sinifdə dərs deyən müəllim dilin düzgün öyrədilməsində həlledici rol oynayır, çünki təməl məhz həmin mərhələdə qoyulur. Dünyanın bütün ölkələrində bu məsələyə çox ciddi yanaşılır”.
Nazir həmçinin qeyd edib ki, ölkədə hər 5 müəllimdən yalnız 1-i peşəkar tələblərə cavab verir:
“Son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil”.
İbtidai sinif və Azərbaycan dili müəllimləri arasında nəticələrin daha zəif olmasının səbəbləri nələrdir? Nazirin açıqladığı kimi, hər 5 müəllimdən yalnız 1-i peşəkar tələblərə cavab verirsə, deməli, bu problem neçə onilliyin məhsuludur? Bu vəziyyətin kökü haradan qaynaqlanır? 8 min nəfərin işdən uzaqlaşdırılması kadr çatışmazlığına gətirib çıxara bilər?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi danışıb:
“Əlbəttə ki, sertifikasiya prosesi bizə müəyyən məsələləri daha aydın şəkildə üzə çıxarmaq imkanı yaratdı. Təəssüf ki, burada ibtidai sinif müəllimləri ilə yanaşı Azərbaycan dili və ədəbiyyat müəllimlərinin nəticələri aşağıdır. Bunun əsas səbəbi isə müstəqilliyi bərpa etdikdən sonra, 90-cı illərin əvvəlləri və sonrakı 21-ci əsrin başlanğıcına qədərki qarışıq dövrdə kadr çatışmazlığının mövcud olmasıdır. Həmin dövrdə əsasən orta ixtisas təhsil müəssisələrini bitirənlər və saxta diplomu olan şəxslər prosesə cəlb edilmişdi. Sertifikasiya prosesi isə bu problemi üzə çıxardı və göstərdi ki, bu sahədə radikal qərarlar qəbul edilməli, saxta diplomu olan şəxslər prosesdən uzaqlaşdırılmalıdır.
Təəssüf ki, paralel olaraq ali təhsil müəssisələrində də oxşar vəziyyət müşahidə olunurdu. Yəni saxta diplomu olan şəxslər ali təhsilə də daxil olmuşdular və onların fəaliyyəti, o cümlədən əvvəlki dövrlərdəki fəaliyyəti, ibtidai sinif və Azərbaycan dili-ədəbiyyat müəllimləri, eləcə də digər pedaqoji ixtisaslarda ixtisaslı kadr formalaşmasına müsbət təsir göstərə bilməmişdi. Sertifikasiya prosesi bu vəziyyəti tam aydın şəkildə ortaya qoydu”.
Mütəxəssis qeyd edib ki, hər 5 müəllimdən yalnız birinin peşəkar səviyyədə cavab verməsi xoşa gələn hal deyil:
“Biz düşünürük ki, qarşıdakı illərdə, təxminən 2030–2035-ci illərdə daha peşəkar müəllimlərin yetişdiyini müşahidə edəcəyik. Çünki həm kurikulumun əsası qoyulandan sonra yetişən şagirdlər artıq pedaqoji fəaliyyətə başlayırlar, həm də sertifikasiya prosesi müəllimlərin bilik və bacarıqlarını möhkəmləndirir. Bu müəllimlər növbəti nəsillərə müsbət təsir göstərə biləcəklər.
Qaldı ki, 8 min müəllimin prosesdən uzaqlaşması və bunun kadr çatışmazlığı yaratması məsələsinə, düşünmürəm ki, belə bir problem yaransın. Çünki hazırda Azərbaycan təhsil müəssisələrində optimallaşdırma və rasionalizasiya prosesi aparılır və bir neçə təhsil müəssisəsi artıq bağlanıb. Paralel olaraq ali təhsil müəssisələrində və əmək bazarında pedaqoji istiqamət üzrə kadr hazırlanır. Bundan əlavə, əmək bazarında kifayət qədər ehtiyat pedaqoji kadr mövcuddur. Hər il müəllimlərin işə qəbulu imtahanlarında 8–9 min vakant yer üçün 60 min və ya daha çox müəllim müraciət edir. Bu baxımdan kadr çatışmazlığı yaranacağı barədə narahatlıq yoxdur. Bu məsələ tam diqqətlə izlənilir və hesab edirəm ki, hər şey qaydasında olacaq”.
Tehsil-press.az









