150 ilə qalxdığımız zirvə - müstəqilliyimizin təməlini möhkəmlədən mətbuatımız

150 ilə qalxdığımız zirvə - müstəqilliyimizin təməlini möhkəmlədən mətbuatımız Azərbaycan mətbuatının əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyuldu. O gündən bu günə qədər 150 illik şərəfli yol keçən milli mətbuatımız həm maarifçilik, həm milli oyanış, həm də istiqlalımızın qazanılması və qorunması istiqamətində əvəzsiz rol oynayıb. Həsən bəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzeti sadəcə xəbər kağızı deyil, xalqın maariflənməsi, milli kimliyinin formalaşması və azadlıq ideyalarının carçısı oldu.

“Əkinçi”nin türkcə çıxması xalqla birbaşa ünsiyyət yaratdı, Azərbaycanda dil və düşüncə baxımından milliləşmənin təməlini qoydu. Onun davamı olaraq XX əsrin əvvəllərində işıq üzü görən “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi” kimi qəzetlər isə çar senzurasına sinə gərərək azadlıq və milli dirənişin ideoloji mərkəzinə çevrildilər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda mətbuat dövlətin əsas dayaqlarından biri kimi çıxış etdi. “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” qəzetləri parlament qərarlarını, hökumət proqramlarını xalqa çatdırdı, Məhəmməd Əmin Rəsulzadə və digər ziyalılar mətbuat vasitəsilə xalqı maarifləndirir, beynəlxalq ictimaiyyətə səslənirdilər.

1920-ci ildə sovet işğalı mətbuatımızı ağır sınaqlardan keçirdi. Çoxsaylı jurnalistlər sürgün edildi, qəzetlər bağlandı, fikir azadlığı boğuldu. Lakin Azərbaycan diasporası Türkiyə, İran, Gürcüstan və Avropada çıxan “Yeni Qafqaz”, “Odlu yurd”, “Azəri Türk” kimi mətbu orqanlarla milli mübarizəni davam etdirdi.

1991-ci ildə müstəqillik bərpa olunanda mətbuat yenidən azadlığın və demokratikləşmənin əsas qüvvəsinə çevrildi. Birinci Qarabağ müharibəsində jurnalistlər yalnız xəbər gətirmədi, həm də milli ruhu gücləndirdi. İkinci Qarabağ savaşında isə Azərbaycan mediası informasiya cəbhəsində əsl qəhrəmanlıq göstərdi.

Azərbaycan mətbuatının 150 illiyi münasibətilə ölkə boyu keçirilən tədbirlərdə medianın dünəni və bugünü geniş müzakirə olundu. Bakıda və bölgələrdə çıxış edən ziyalılar, jurnalistlər və rəsmilər bu yolun çətinliklərindən, qürurverici məqamlarından danışdılar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı beynəlxalq forum yubiley ovqatına xüsusi rəng qatdı. Dövlət başçısı çıxışında dedi: “Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, faktlarla ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki müdafiə edir, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə oxuyurlar, mediada gedən yazıları təhlil edirlər. Media işçilərinin əhatə dairəsi nə qədər geniş olarsa, ölkə haqqında bir o qədər dəqiq, ədalətli məlumat yayılacaq. Bizim mediamız artıq istənilən iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır”.

Dövlət başçısı medianın gələcəkdə də milli mənafeyi qoruyaraq fəaliyyətini davam etdirməli olduğunu xüsusi vurğuladı.

2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində də Azərbaycan informasiya meydanında üstünlük qazandı. Xaricdəki qara piar maşınına qarşı doğrunu, ədaləti göstərmək, faktları dünyaya çatdırmaq medianın əsas vəzifəsinə çevrildi və bu, uğurla yerinə yetirildi.

Müharibədən sonra medianın qarşısında yeni vəzifələr yarandı. Prezidentin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul edildi. Bütün bunlar medianın müasir çağırışlara uyğun inkişafına təkan verdi.

Şuşa isə artıq media diplomatiyasının yeni ünvanına çevrilib. Son üç ildir ki, Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırır, medianın çağırışlarına dair fikirlərini bölüşür.

Azərbaycan mətbuatının 150 illiyi dövlət başçısının diqqətindən kənarda qalmayıb. Prezidentin sərəncamı ilə yubiley qeyd olundu, medal təsis edildi, onlarla jurnalist dövlət mükafatları və fəxri adlarla təltif olundu. 26 jurnalistə “Əməkdar jurnalist” fəxri adı verildi, onlarla media işçisi orden, medal və fərdi təqaüdlərlə təltif edildi.

Rauf Arifoğlu da yubiley münasibətilə çıxış edərək deyib: “Azərbaycan mətbuatı hər zaman istiqlalçı mövqe sərgiləyib. Xalqın təslimiyyət ruhunun aşılanmasına imkan verməyib. 150 illiyi qeyd olunan Azərbaycan mətbuatı qazi mətbuatdır - bir neçə müharibə görüb, amma sağ qalıb, böyüyüb, inkişaf edib. Bu mətbuat heç vaxt məğlub olmadı, hər zaman mübarizə apardı”.

O həmçinin qeyd edib ki, Azərbaycan mediası rusdilli, farsdilli və ingilisdilli dezinformasiyalara qarşı milli qalxan rolunu oynayıb, Azərbaycanın mövqeyini dünyaya çatdırmaqda mühüm işlər görüb.

150 il əvvəl “Əkinçi” ilə başlanan yol bu gün dünyanın ən mürəkkəb media dövründə davam edir. Azərbaycan mətbuatı bir əsrdən çoxdur ki, xalqın vicdanı, dövlətin dayağı, cəmiyyətin aynası olaraq mövqeyini qoruyur. Qarşıdakı illərdə bu şərəfli ənənələri qorumaq və inkişaf etdirmək həm dövlətin, həm də medianın başlıca vəzifəsi olaraq qalır.

Tehsil-press.az

Oxşar xəbərlər