
“Müəllimlərin peşəkar inkişafı ilkin müəllim hazırlığı ilə başlayır ki, bu da pedaqogika və fənn bilikləri sahəsində əsas təməl yaradır. Lakin əsl ustalıq sinifdə təcrübə, davamlı öyrənmə və refleksiya yolu ilə qazanılır. Bir çox ölkədə müəllimlər hələ də sinifdə qarşılaşdıqları real vəziyyətlərə hazır olmadıqlarını hiss edirlər. Əksəriyyəti fənn biliklərinə güvənirsə də, müxtəlif tədris ehtiyaclarına malik şagirdlərə dərs keçmək və ya rəqəmsal alətlərdən effektiv istifadə etmək baxımından özlərini yetərli hesab etmirlər. Bu isə nəzəriyyə ilə praktika arasında olan boşluğun aradan qaldırılması üçün təcrübə proqramları, mentorluq və güclü adaptasiya mərhələləri kimi praktik, məktəbə əsaslanan təlimlərin vacibliyini göstərir. Peşəkar inkişaf həm də aktual və dəyişən ehtiyaclara cavab verməlidir, məsələn, süni intellekt dövründə rəqəmsal bacarıqlar və tədrisin təkmilləşdirilməsində təhsil araşdırmalarından istifadə kimi”, – deyə A.Şleyxer bildirir.
Onun sözlərinə görə, müəllimlərin peşəkar inkişafı üçün aydın və strukturlaşdırılmış karyera yolları vacibdir: “Bu, həm onların məqsəd hissini gücləndirir, həm də istedadlı kadrların peşədə qalmasına kömək edir. Müəllimlər mentor, baş müəllim və ya kurikulum üzrə ekspert kimi rollara çıxış əldə etdikdə, sinfi tərk etmədən yeni məsuliyyətlər götürə və öz təcrübələrini başqaları ilə bölüşə bilərlər. Məktəblər həmçinin əməkdaşlığa əsaslanan öyrənmə mədəniyyəti yarada bilərlər. Müəllimlər bir-birinin dərslərinə müşahidə aparmaq, rəy vermək və birgə planlama vasitəsilə öz inkişaflarını daha da irəli apara bilirlər. OECD-nin araşdırmaları göstərir ki, tək-tək keçirilən seminarlar nadir hallarda uzunmüddətli dəyişikliklərə səbəb olur; davamlı və kollegial peşəkar öyrənmə isə daha səmərəli nəticələr verir. Karyera inkişafını pedaqoji liderlik, həmkar mentorluğu və tədris innovasiyaları kimi əməkdaşlığa əsaslanan təcrübələrlə birləşdirən ölkələrdə müəllimlərin öz işinə bağlılığı, peşəkar öyrənməsi və uzunmüddətli motivasiyası daha yüksək olur”.
Andreas Şleyxerə görə, eyni zamanda, müəllimlik peşəsi cəmiyyət tərəfindən hörmətlə qarşılanmalıdır. “Təəssüf ki, müəllimlərin bacarıq və zəhmətinə layiqincə dəyər verilmədiyi hallarla tez-tez qarşılaşırıq. OECD-nin Müəllimlik və Öyrənmə üzrə Beynəlxalq Tədqiqatı (TALIS) göstərir ki, OECD ölkələrində müəllimlərin cəmi 26%-i öz peşələrinin cəmiyyət tərəfindən dəyərli hesab olunduğunu düşünür. Koreya və Şanxay (Çin) kimi yerlərdə müəllimlər kurikulumun hazırlanmasında və tədris innovasiyalarında fəal rol oynayırlar. Bu da cəmiyyətdə müəllimlik peşəsinin nüfuzunun artmasına kömək edir. Müəllimlərə təhsil siyasətində söz haqqı verilməsi və onların töhfələrinin tanınması bu peşəni daha cəlbedici edə bilər. Müəllimlər dəyərli, dəstəklənən və etibarlı olduqlarını hiss etdikdə, peşədə qalmaq və inkişaf etmək ehtimalları artır”.
PISA-nın direktoru qeyd edir ki, “bu il G20 Təhsil üzrə İşçi qrupunun gündəmində müəllimlərin peşəkar inkişafının ön planda olması, bu məsələyə diqqəti artırmaq üçün əla fürsətdir. Müəllimlərin inkişafı üçün onlara bacarıqlar, dəstək və imkanlar təqdim etmək – hər bir şagirdin fayda görməsini təmin edəcək. Bu, hökumətlərin edə biləcəyi ən dayanıqlı investisiyalardan biridir, çünki yüksəkixtisaslı müəllimlər dəyişən ehtiyaclara uyğunlaşmağa ən hazırlıqlı olanlardır. G20 ölkələri müəllimlərə investisiya etməklə hər bir öyrənənin yanında ruhlandırıcı bir müəllim olmasını təmin edə bilər. Bu, gələcək onilliklər ərzində bəhrəsi görüləcək bir sərmayədir.
Tehsil-press.az