Azərbaycan nümayəndə heyəti COMSTECH Baş Assambleyasının 15-ci görüşündə iştirak edib

Azərbaycan nümayəndə heyəti COMSTECH Baş Assambleyasının 15-ci görüşündə iştirak edib Təhsil naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Assambleyasının Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən 15-ci görüşündə iştirak edir.
COMSTECH 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in üçüncü İslam Zirvə görüşündə təsis edilib. COMSTECH-in sədri vəzifəsini Pakistan Prezidenti icra edir.
COMSTECH-in əsas məqsədi İslam Birliyinin elmi və texnoloji tələbatlarının müəyyən edilməsi və düzgün qiymətləndirilməsi ilə yanaşı, İƏT üzvü olan ölkələr arasında elm və texnologiya sahəsində əməkdaşlığı gücləndirmək, milli, regional, beynəlxalq səviyyədə elmi və texnoloji fəaliyyətlərin planlaşdırılması, inkişafı, araşdırılması və monitorinqi üçün effektiv strukturun yaradılmasından ibarətdir.
Tədbirin mayın 31-də keçirilmiş açılış sessiyasında Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn, elm və texnologiya naziri Rana Tanvir Hüseyn, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Amin Mədəni, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli əl Mədəni və COMSTECH Baş koordinatoru Şaukat Hamid Xan çıxış ediblər.
Tədbirdə 50-dən çox ölkənin nümayəndəsi iştirak edib. Onların 30-dan çoxu elm, texnologiya və təhsil üzrə nazirlər tərəfindən təmsil olunublar.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizin hərtərəfli inkişafında elm və texnologiyanın rolu barədə danışıb. Təhsil naziri Azərbaycanda elm, texnologiya və təhsilin əlaqələndirilməsi, məktəb yaşlarından elmə meyilli gənclərin müəyyən edilməsi, Azərbaycanın 40 ali təhsil müəssisəsinin beynəlxalq tədqiqat bazası və nəşrlərinə çıxışını təmin edən “Thomson Reuters” şirkəti ilə imzalanmış müqavilənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti, informasiya-kommunikasiya texnologiyaları sahəsində ölkəmizin nailiyyətləri, kosmos sənayesində uğurları və 2013-cü ildə ilk milli peykimizin orbitə buraxılmasını xüsusi vurğulayıb. Nazir bütün bu tədbirlərin Azərbaycan hökumətinin innovativ inkişaf və modernləşməyə olan diqqətinin bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanın COMSTECH Baş Assambleyasının cari görüşünün sədr müavinlərindən biri seçilməsi ölkəmizin beynəlxalq arenada və xüsusilə İƏT-də nüfuzunun artmasını bir daha sübut edir. Bu seçimdən sonra təhsil naziri Mikayıl Cabbarov İƏT və COMSTECH-in ixtisaslaşmış qurumlarının hesabat və təkliflərini təqdim etdikləri plenar iclasa sədrlik edib.
Tədbirin birinci gününün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikası Prezidentinin rəsmi qəbulunda iştirak edib.
Eləcə də Azərbaycan nümayəndə heyəti qarşılıqlı maraq doğuran sahələr üzrə digər ölkələrin nazirlikləri və ixtisaslaşmış qurumların nümayəndələri ilə görüş və məsləhətləşmələr keçirib.
COMSTECH Baş Assambleyasının 15-ci görüşü öz işini iyunun 1-də yekunlaşdıracaqdır.


Azərbaycan nümayəndə heyəti COMSTECH Baş Assambleyasının 15-ci görüşündə iştirak edib

Tehsil-press.az

Oxşar xəbərlər