AMEA-nın illik ümumi yığıncağı keçirilib

AMEA-nın illik ümumi yığıncağı keçirilib Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar akademiyanın elmi müəssisə və təşkilatlarının 2015-ci ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
İclasda AMEA-nın prezidenti Akif Əlizadə rəhbərlik etdiyi qurumun illik fəaliyyəti ilə bağlı çıxışında akademiyanın 2015-ci ildə dövlətimizin başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirib, elmi fəaliyyətin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqini həyata keçirilən islahatların əsas prinsipi kimi göstərib.
Sonra AMEA rəyasət heyətinin 2015-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzələri dinlənilib.
Təhsil naziri Mikayıl Cabbarov belə bir müzakirə çərçivəsində Azərbaycan elminin son illər ərzindəki inkişaf yoluna bir daha nəzər salmağın, bu sahədəki uğur və problemlərimizi diqqətdən keçirməyin əhəmiyyətli olduğunu bildirib. Nazir qeyd edib ki, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev elm və təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayıb, bu sahənin inkişafı ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıblar.
M.Cabbarov deyib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə yönəlmiş dövlət siyasətinin əsas istiqamətlərinin məcmusudur. Nazir Elmin İnkişafı Fondunun daha aktual mövzulara dair layihələri maliyyələşdirməsi, elmi tədqiqatların elmi eksperimental bazasının möhkəmləndirilməsi, ali təhsil müəssisələrində fəaliyyət göstərən elmi müəssisələr şəbəkəsinin rasionallaşdırılması, ali məktəblərin nəzdində texnoparkların yaradılması, “Thomson Reuters” Agentliyinin bazasına daxil olan impakt-faktorlu jurnallarda daha çox məqalələrin dərc olunması, Təhsil Nazirliyi ilə “Thomson Reuters” Agentliyi arasındakı əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq ölkəmizin 40 ali təhsil müəssisəsinin və AMEA əməkdaşlarına bu Agentliyin məhsul və xidmətlərinə, “Web of Science” platformasının bazasına çıxış imkanının verilməsi, elm sahəsində mövcud olan problemlər və digər məsələlər haqqında fikirlərini bildirib.
Təhsilin keyfiyyətini təmin etmək məqsədilə görülən işlərə toxunan M.Cabbarov Təhsil Nazirliyi ilə AMEA arasında əlaqələrin günbəgün genişlənməsinin ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi işinə töhfə verdiyini bildirib: “Alimlərimiz birgə tədqiqatlar üzərində çalışır, birgə konfranslar keçirilir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılıb və bununla da AMEA təhsil sisteminə bir az da yaxınlaşıb. AMEA ilə Təhsil Nazirliyi birgə layihələr reallaşdırır. Bunlardan “Sabahın alimlər” Respublika Müsabiqəsi, “Elmdən təhsilə” və “Novruz mühazirələri” kimi layihələri xüsusilə qeyd etmək olar”.
Daha sonra hesabat məruzələri ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirdə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim edilib.
Ümumi yığıncaqda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.

tehsil-press.az

Oxşar xəbərlər