Azərbaycan Dillər Universitetinin əməkdaşının romanı çap olunub

Azərbaycan Dillər Universitetinin əməkdaşının romanı çap olunub Azərbaycan Dillər Universiteti (ADU) kitabxanasının əməkdaşı, tanınmış yazar Güllüzar Əfəndiqızının (Məmmədova) “Qəhrəman türk qızı” əsəri çap olunub.
Əsərdə qələmə alınan hadisələr qəhrəman azərbaycanlı qızı olan “Süleyman” ləqəbli Qaçaq Gülüsümün (1863–1961) həyatından bəhs edir. Müəllif əsərində Gülüsümün - bu igid türk qızının qaçaqlığa başlamasını, qaçaqlara başçı təyin olunmasını, Qaçaq Kərəm və Stalin (Koba) ilə görüşünü, çar Rusiyası zamanı və sovet dönəminin ilk illərində Gəncəbasar mahalında göstərdiyi qəhrəmanlıqları, dövrün tarixi mənzərəsini, xalqın başına gətirilən faciələrini canlı, gözəl ştrixlərlə, maraqlı forma və epizodlarla, oxunaqlı dillə verə bilib.
Əsərin əsas qəhrəmanı olan Qaçaq Gülüsüm uzun illər istismarçı siniflərə, çar, bolşevik cəlladlarına, xalqa zülm edən fars mənşəli məmurlara, erməni-daşnak quldur dəstələrinə, azğınlaşmış bəy və xanlara qarşı vuruşub. Gülüsüm xanımın silahdaşları, mübarizənin ağırlığını çiynində daşıyan dostları romanda tarixi şəxsiyyət kimi verilib. Qaçaq hərəkatı iştirakçıları arasında böyük nüfuz və hörmət qazanan, az müddətdə ətrafına çoxlu sayda igidlər yığmağı bacaran Qaçaq Gülüsüm davranışı, ağıl və düşüncəsi, rəftarı, sadəliyi, igidliyi, namusu, qeyrəti ekstremal şəraitdə tədbirli olması ilə son dərəcə həyati bir surətdir.
Əsərdən aydın olur ki, onun vuruşduğu, fəaliyyət göstərdiyi coğrafi ərazilər indiki Azərbaycan Respublikası ilə yanaşı, Osmanlı Türkiyəsini, İranı, eləcə də hazırkı Ermənistan və Gürcüstanı da əhatə edib.
Ümumiyyətlə, müəllif əsərdə zəngin tiplər silsiləsi yaradıb. Onların arasında oxucu yaddaşında həmişəlik qalan canlı insan surətləri və tarixi şəxsiyyətlərdir. Əsərdə Gülüsüm obrazı ilə yanaşı, digər xalq qəhrəmanlarımızın - qaçaq hərəkatı iştirakçılarının bir qismi haqqında da oxuculara indiyədək məlum olmayan tarixi məlumatlar verilib.
Toponimik baxımdan da roman xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əsərdə onlarla yaşayış məntəqələri və hidronimlərin adları çəkilib. Müəllif əsərdə hər hansı kənddən söhbət açarkən oxucunu həmin yaşayış məntəqəsinin coğrafiyası, tarixi, təbiəti ilə də tanış edir.
Əsərin Qaçaq Kərəmlə bağlı epizodları Azərbaycanda qaçaq hərəkatının bəzi qaranlıq səhifələrinin işıqlandırılmasına xidmət edir. Stalin (Koba) ilə bağlı səhnələr isə həm tarixilik, həm də siyasi baxımdan maraqlı və oxunaqlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər