“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” Stiven Hokinqin uşaqlar üçün əsərləri
Stiven Hokinq uşaq əsərlərini uşaqların - bəşəriyyətin gələcəyinə olan sevgisindən qələmə alırdı. O, elə mövzulara toxunurdu ki, bu mövzular uşaqların təfəkküründə mənəvi məsələlərin yer almasına şərait yaratsın, onlar mənəvi cəhətdən tərbiyə olunsunlar, həqiqətə, xeyirxahlığa, mədəniyyətə tapınsınlar. Yeniləşən cəmiyyətə özlərinin müasir təfəkkürləri ilə adaptasiya olunsunlar. Cəmiyyətin inkişaf tempindən geri qalmasınlar, həyatın qarşılarına çıxardığı suallara kor-koranə deyil, əsaslı şəkildə cavab vermək gücünə malik olsunlar. O yazır ki, dünya sürətlə yenilənir, bununla da informasiya mənbələri dəyişir. İndi ən mürəkkəb texnologiyalar, dünyanın sirləri, elmi yeniliklər haqqında məlumat əldə etmək üçün çox sayda internet resursu var. Amma bu mənbələrin heç biri kitabı əvəz edə bilməz. Uşaq əsərlərinin yazılmasında ona qızı – yazıçı-jurnalist Lusi Hokinq kömək edirdi. Onlar uşaq kitablarının həmmüəllifləri idilər. Stiven sonralar yazacadı ki, əgər Lusi Hokinq ona kömək etməsəydi, bu əsərləri yaratmaq, buradakı qiymətli fikirləri uşaqlara çatdırmaq mümkün olmayacaqdı. Stiven və Lusi Hokinqin bu kitabları uşaqlara sadə, anlaşıqlı dillə dünyanı, həyatı anladır, onların mənəvi cəhətdən inkişafına, nəyin yaxşı, nəyin pis olduğunu anlamalarına, müasir texnologiyadan səmərəli istifadə qaydalarına yiyələnmələrinə kömək edir. Stiven yenilklərin mahiyyətini dərk etdiyi kimi, onun uşaqlara müsbət və mənfi mənada təsirlərini də yaxşı anlayırdı. “Corc və böyük partlayış” kitabı uşaqların dünyabaxışlarının formalaşmasında müstəsna rola malikdir. Bu əsər oxucunu kosmos haqqında maraqlı biliklərlə silahlandırır. Uşağın təbiət haqqındakı bilikləri konkret elmi mənbədən və onun anlayacağı formatda onun masası üzərinə gəlir. Uşaq dünya, kosmos haqqında həqiqəti görür və dərk edir. O, anlayır ki, kosmosu bilmək nə üçün lazımdır? Elm nə üçündür? Kimlər və nələr elmin inkişafına qarşı çıxır və ona mane olur? İnsanlar ekologiyanı nə üçün qorumalıdırlar? Müharibə, aclıq, insanların qeyri-bərabər həyat tərzi kimlərə sərf edir? Uşaqlar sonda dərk edirlər ki, bəşəriyyətin gələcəyi üçün bütün insanlar səylərini birləşdirməli, alimlər, təbiət qoruyucuları birgə çalışmalıdırlar.
Stivenin uşaqlar üçün qələmə aldığı əsərlərdən biri də “Corc və kainatın sirri”dir. O, bu əsərdə də öz ənənəsinə sadiqdir. Əgər belə demək mümkünsə, balaca dostlarını kainatın sirli-sehrli aləminə səyahətə aparır. Onun uşaq əsərlərində sanki, uşaq ikən eşitdiyimiz nağıllar gerçəkləşir. Onun qəhrəmanları müdrik insanlardır. Bu əsərdə Erik astrofizik-alimdir. O, elmi həyat üçün ən vacib amil hesab edir. Corcun valideynləri isə vegetariandır. Onlar telefon, televizor, kompüterdən istifadə etmədən yaşayırlar. Hesab edirlər ki, elm və texnika dünyanı zəbt edib və dünyada baş verən bütün bədbəxtliklər elmi və texniki kəşflərdən yaranır. Erikin köməkçisi Kosmos adlı superkompüterdir. Kompüter bütün problemləri asanalıqla həll edir, lakin onun xarakteri nisbətən həssasdır. Lakin biz ona dözməliyik, çünki superkompüterin köməyi ilə biz asteroidlərə, ordan da qara dəliklərə daxil ola bilərik. Lakin skafandrı unutmaq olmaz. Bu səyahət xəyali olaraq bəlkə də mümkündür, amma kitabdakı heç bir informasiya real deyil. Müəlliflər çətin və mürəkkəb olan fiziki bilikləri çox asan dildə izah edirlər. Bu kitabda biliklər uşaqlara interaktiv şəkildə təqdim olunur. Sadə, uşaqların anlayacağı dildə yazılan kitab uşaqlara sanki kosmosu “fəth etməyə” imkan verir. Stivenin digər əsərləri kimi bu əsəri də uşaqları hələ kiçik yaşlardan dünya haqqında düşünməyə, onu dərk etmək üçün elmlərə yiyələnməyə sövq edir. Bu əsərlər möcüzənin reallaşması təsiri bağışlayır. Stivenin fizik təfəkkürü, hadisələrə real mövqedən yanaşması, problemlərin həllinə nail olmaq üçün göstərdiyi fədakarlıqlar, bir sözlə bu dahi insanın bütün xarakterik cizgiləri onun uşaqlar üçün yazdığı əsərlərində də görünməkdədir.
Ardı var…

Böyükağa MİKAYILLI


Oxşar xəbərlər