Sakit Məmmədov – dünya rəssamlığında yeni səhifə...

Sakit Məmmədov – dünya rəssamlığında yeni səhifə... Onun rəsmlərindəkiləri duymaq üçün onları uzun müddət müşahidə etməyə ehtiyac qalmır. Sakit Məmmədovun rəsmləri özlərini ifadə edən canlı lövhələrdir. Portretlərdəki psixologizm nə qədər dərin olsa da, rəssamın bu psixologizmi ifadə etdiyi rəng çalarları onu tam mənası ilə açmağa, tamaşaçının onu duymasına imkan yaradır. Mənim fikrimcə, Sakit Məmmədovun rəsmləri, istər təbiət mənzərələri, istər insan olsun, daxili yaşantılarını, duyğularını ifadə edən ruha mailk bir obrazdır. Onlar yaradılan andan həyatın bir parçasına çevrilirlər.
Bu əsərlərdəki səssiz duyğusal melodiya insan düşüncəsini hərəkətə gətirir, fikirləri aydınlaşdırır. Bu əsərlər təbiəti, onun ruhunu xarakterizə edir. Sakit Məmmədovun əsərlərini bəzi məqamlarda təbiətdən ayırmaq mümkün olmur. Mən onun hər bir əsərini özlüyündə həm də bir musiqi əsəri hesab edərdim. Doğrudur, hər bir rəsm əsərinin hər bir kəsə təsiri dərəcəsi fərqlidir. Bu, labüddür. Mənim bu fikirlərim subyektiv görünə bilər. Amma bu da bir həqiqətdir ki, sənət əsərinin ruhu qədər insanın ruhuna təsir edən çox az bir qüvvə ola bilər. Sakit Məmmədov fırçasının fəlsəfəsi mahiyyəti ifadə etməsindədir. Onun yaratdığı portretlərə diqqət yetirək. O, təkrarlamır, çəkdiyini olduğu kimi meydana qoymur. Amma yaratdığı əsərə o qədər sadəlik donu geyindirir ki, o əsər özü öz mahiyyətini açıb söyləyir.
Bəzən Sakit Məmmədovun əsərləri mənə üzərində işlədiyi mövzunun kəşfi təsiri bağışlayır. Rənglərin dili ilə reallaşdırılan bu kəşf fikir və düşüncələrdə əks olunmaqla, rənglərin düşüncəyə təsirini istiqamətləndirir. Sakit Məmmədovun rənglər dünyası yaratdığı kompozisiya etibarilə fikir və düşüncə dərinliyinə yol açır. Rənglərin ecazkar vəhdətindən yaranan kompozisiya düşündürür, düşüncə insanın yaradıcı imkanlarını stimullaşdırır. Mən Sakit Məmmədovun əsərlərində öyrədicilik, tərbiyəedicilik, pedaqoji aspekt müşahidə edirəm. Bəs bu aspektlər özünü nədə biruzə verir? Mənim fikrimcə, bu ilk növbədə ürəkdə oyatdığı həyat eşqi, yaradıcılıq ilhamı, düşüncəyə verdiyi sehrli stimul, təfəkkür zənginliyinə açdığı yolla bağlıdır. Mükəmməl rəsm əsəri həyatın mahiyyətini, insanın arzu və istəklərini, hiss və həyacanını ifadə etmək baxımından ən təsirli vasitədir. Sakit Məmmədovun əsərləri bu baxımdan xarakterikdir. “Yaşlı kişi” əsəri üzərində dayanmaq istərdim. Təbiətin yaşıllığı fonunda yaradılan bu əsərdə təbiətin gəncliyi və qocalığı vəhdətdə təsvir olunub. Təbiət insanı qocaltsa da, öz işığı ilə gələcəyə inam hissi doğurur. Ümumiyyətlə, Sakit Məmmədovun əsərlərində gəncliyə və gələcəyə böyük inam hissi duyulur. Bu inam hissi rənglərin, hiss və duyğuların, fikir və düşüncələrin kompozisiyası ilə yaranır. “Yaşı kişi” rəsmi təbiətlə nəfəs alan, onun gücünə və varlığına arxalanan insan obrazıdır. Əslində onun simasında duyulan nikbinlik də təbiətəgüvənlik hissindən yaranır. Bu, bir harmoniyadır. Bu harmoniya öz təsdiqini rəsmlərin təbiətin və insanın daxili yaşantılarının vəhdətdə ifadəsi ilə tapır. İnsan yaşlanır, təbiət isə hər il yenidən doğuluşu ilə insanlığın əbədi yaşayışına yol açır. Təbiət ahəngdarlığının nikbin ruhda əsərlərdə yer alması insanın nikbin əhvar ruhiyyəsi, ümumən insanda sağlan düşüncə və sağlam ruhun yaranması üçün əsasdır. Sakit Məmmədovun rəsmləri insanın mənəvi aləmini, daxili gözəlliyini duymaq üçün bir dönüş nöqtəsidir. Bəlkə də ona qədər insanın həyat tərzi, gəncliyi, qocalığı haqqında tamamilə başqa təsəvvürlərə malik ola bilərik. Amma istedadlı rəssamın fırçası düşüncələri tamamilə başqa istiqamətə yönəldir. İzah edir ki, ən böyük həqiqətləri bir simada cəm eləmək, bir tabloya yerləşdirmək mümkündür. Bu xoşbəxtlik tarixdə ən istedadlı rəssamlara nəsib olub. Leanardo da Vinçi, Vinsent Van Qoq insanın ruh halını, həyatın içindəkiləri öz mahir fırçaları ilə açıb göstərməyi bacarıblar.
Sakit Məmmədovu heç bir dahi rəssamın təkrarçısı adlandırmaq mümkün deyil. O, yaratdığı heç bir cizgi ilə müqayisəyə gəlmir. Onun rəngləri elə gözlənilməz məqamlarda elə çalarda ifadə olunur ki, bu yalnız Sakit Məmmədov fırçası üçün xarakterikdir. Sakit Məmmədov rəssamlıqda opalizm üslubunun yaradıcısıdır. Bəs Opalizm nədir? Etimoloji baxımdan opal daşından qaynaqlanan bu söz qədim yunan dilində gözqamaşdıran, latın dilində valehedici görünüş, sanskrit dilində qiymətli daş kimi tərcümə olunur. Sakit Məmmədovun rəsmləri məhz Opal daşının təbiətdəki minbir çalarının rəsm əsərindəki ifadəsidir.
O, təbiətin canlılığını rəsmə gətirən dünyanın ən mahir rəssamlarındandır.
Onun qəhrəmanlarının nə gülüşünü, nə də kədərini unutmaq mümkün olmur. Çünki bu rəsmlər təbiətin özündən doğulmuş kimi görünürlər. Elə Sakit Məmmədovun müsahibələrinin birində dediyi kimi, insan dünyaya necə gəlir? Bax, əsər də beləcə yaranır. Müşahidələrim belə bir qənatə gəlməyə əsas verir ki, Sakit Məmmədov 21 – ci əsr rəngkarlığının ənənələrini yaradır, onun rəsmlərində klassizim yeni çalarlarla təzahür edir.
Onun rəsmlərində yer alan gözəlliyin baxışlarındakı məna, yanaqların rəngi, alnın genişliyi özlüyündə tam yeni obrazdır. Bu insan ola bilər ki, həyatda mövcuddur. Amma Sakit Məmmədov onu həm də xəyalının və fırçasının qüdrəti yeni bir ruhda, yeni bir xəyal məhsulu kimi təqdim edə bilir.

Böyükağa MİKAYILLI


Oxşar xəbərlər