ADU-da Güllüzar Əfəndiqızının “Qəhrəman türk qızı” kitabının təqdimatı keçirilib

ADU-da Güllüzar Əfəndiqızının “Qəhrəman türk qızı” kitabının təqdimatı keçirilib Azərbaycan Dillər Universitetində (ADU) yazıçı Güllüzar Əfəndiqızının (Məmmədova) “Qəhrəman türk qızı” adlı kitabının təqdimatı keçirilib.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, hər bir xalqın tarixi onun qurduğu virtual saraydır. O, kitabın tarix boyu haqq ədalət uğrunda döyüşən qəhrəmanımızdan – “Süleyman” ləqəbli Qaçaq Gülsümdən bəhs etdiyini diqqətə çatdırıb.
ADU-nun professor-müəllim heyəti – rektorun müşaviri Ələddin Əliyev, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Rusiyaşünaslıq Mərkəzinin müdiri, professor Məmməd Əliyev, Təhsil fakültəsi İngilis dilinin qrammatika kafedrasının müdiri, professor Arif Hüseynov, Pedaqogika kafedrasının müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Şəfiqə Tahirova, ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov kitab barədə fikirlərini bölüşüblər.
Onlar əsərin baş qəhrəmanı Qaçaq Gülsümün “Qaçaq Süleyman” adı altında uzun illər istismarçı siniflərə, çar, bolşevik cəlladlarına, xalqa zülm edən fars mənşəli məmurlara, erməni-daşnak quldur dəstələrinə, azğınlaşmış bəy və xanlara qarşı mübarizəsindən danışıb, qaçaq hərəkatı iştirakçıları arasında böyük nüfuz və hörmət qazanan, az müddətdə ətrafına çoxlu sayda igidlər yığmağı bacaran mərd xanımın əsl azərbaycanlı qadın davranışı, ağılı, düşüncəsi, rəftarı, sadəliyi, igidliyi barədə müzakirələr aparıblar. Eyni zamanda kitabdakı parçaları təhlil edib, obrazlar barədə müqayisəli fikirlər səsləndiriblər.
Çıxışlar zamanı müəllif Güllüzar Əfəndiqızının ixtisasca tarixçi olmasa da, yazdığı bu tarixi əsərin sanki peşəkar bir tarixçi tərəfindən qələmə alındığı da vurğulanıb.
Toponimik baxımdan da roman xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əsərdə onlarla yaşayış məntəqələri və hidronimlərin adları çəkilmişdir. Müəllif əsərdə hər hansı bir kənddən söhbət açarkən oxucunu həmin yaşayış məntəqəsinin coğrafiyası, tarixi, təbiəti ilə də tanış edir. Bu isə, əlbəttə ki, əsərə xüsusi gözəllik qatır.
Bütün əsər boyu qırmızı xətlə verilmiş tərcümeyi-halı istənilən oxucunun gözündə Gülüsümü Azərbaycan qadınının qəhrəmanlıq rəmzinə çevirir.
Müəllif Güllüzar Əfəndiqızı kitabın ədəbi-bədii məziyyətləri barədə danışıb, onu hansı hisslərlə ərsəyə gətirdiyindən söz açıb. Kitabın tarixi-əhəmiyyətindən danışarkən qadın əməyinin, qadın qüvvəsinin üstünlüyündən bəhs edib. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən igidlərin məhz Azərbaycan qadınının, əsərin baş qəhrəmanı Gülsüm xanım kimi xanımların yetirmələri olduğunu bildirib.
Tədbirin sonunda müəllif əməyinə dəyər verən universitetin rektoru, akademik Kamal Abdullaya, tədbir iştirakçılarına və çıxışçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, kitab müəllifin sayca üçüncü kitabıdır.

Tehsil-press.az


Oxşar xəbərlər