Ramiz Mehdiyev ətrafında qalmaqal bitmək bilmir.Mediada ona bağışlanan villalarla bağlı yeni məlumatlar yayılıb.Xatırladaq ki, ictimailəşmiş məlumatlarda icra başçısı Asif Hüseynovun Ramiz Mehdiyevin Qalaaltıda yerləşən villasını təmir etdirdiyi, hətta ona villa tikib bağışladığı iddia olunur. Məhəmməd Məmmədov həmçinin icra başçısının Qarabağlar kəndində 120 hektar ərazidə dövlət hesabına artezian quyuları vurdurduğunu, lakin həmin quyulardan çıxan suyun əhaliyə verilmədiyini bildirib.
22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Ramiz Mehdiyev bu illər ərzində milyardlarla manatlıq var-dövlətə sahib olub. Hər təyinatdan sonra vəzifəli şəxslər Mehdiyevin hüzuruna gedərək onun qeyri-rəsmi tələb və göstərişlərini dinləyir, daha sonra isə vəzifələrinin icrasına başlayırdılar. Ramiz Mehdiyevin fəaliyyət dövründə onu sərvət sahibi edən əsas fiqurlar rayon və şəhər icra hakimiyyətlərinin başçıları olub. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarına rəhbərlik etmiş məmurlar Mehdiyevə villalar və yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər.
Ramiz Mehdiyevə Qəbələdə fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən qala tipli imarət hədiyyə edilməsi ilə bağlı da iddialar var idi. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, bölgə sakinləri illərdir həmin versiyanın dolaşdığını deyirlər. Onların sözlərinə görə, Mehdiyev imarətinə yalnız ildə bir dəfə - əsasən ailə tədbirləri zamanı gəlir. Sonuncu səfəri isə kürəkəni İlham Əliyevin övladının ad günü mərasiminə təsadüf edib. Həmin gün əraziyə onlarla avtomobil və mühafizə əməkdaşı cəlb olunub, əraziyə giriş-çıxış müvəqqəti məhdudlaşdırılıb.
Hazırda Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaq çərçivəsində onun rəhbərlik etdiyi dövrdə villalar və mənzillər hədiyyə edən məmurların siyahısı dəqiqləşdirilir. Məlumata əsasən, hüquq-mühafizə orqanlarına artıq həmin şəxslərlə bağlı tapşırıq verilib. İddialara görə, Ramiz Mehdiyevə “hörmət” göstərərək ev, torpaq və ya pul hədiyyə edən və bunu könüllü şəkildə etiraf edən icra başçıları və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmayacağı onlara bildirilib. Əvəzində bu məlumatı gizlədən, yaxud Mehdiyevin tapşırıqları ilə dövlət vəsaitlərini şəxsi məqsədlərə yönəldən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istisna edilmir.
Beləliklə, sabiq Prezident Administrasiyası rəhbərinin illərlə “kölgə hökuməti” kimi formalaşdırdığı şəbəkə indi öz içərisindən çözülməyə başlayıb. Bir zamanlar kiminsə ona hədiyyə etdiyi villalar indi həmin şəxslərin öz cəza sənədinə çevrilə bilər. Ramiz Mehdiyevin sisteminə zamanında sədaqət göstərənlər indi ya etirafla özlərini xilas edəcəklər, ya da susmaqla talelərini riskə atacaqlar. Gələn məlumatlara görə, bu şəxslərin bir qisminə ən ağır cəzaların verilməsi də istisna edilmir. Ramiz Mehdiyev uzun illər Prezident Administrasiyasına rəhbərlik edib və ölkənin siyasi idarəetmə sistemində ən yüksək qərarların icrasında iştirak edən əsas fiqurlardan biri olub. Buna baxmayaraq, onun gəlir və əmlak bəyannamələrində bu miqyasda əmlak heç vaxt göstərilməyib. Hazırda Ramiz Mehdiyev istintaq orqanlarının diqqət mərkəzindədir və onun illərlə topladığı gizli sərvətlərin hüquqi mənşəyi ilə bağlı araşdırmalar davam edir.
Tehsil-press.az













