Bu barədə brifinq zamanı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov məlumat verib.
O qeyd edib ki, sistemin tam istifadəyə verilməsi ilə vətəndaşlar fiziki olaraq növbəyə durmaq məcburiyyətində qalmayacaqlar:
“Hazırda bəzi tibbi xidmətlər üçün onlayn qeydiyyat mövcuddur, lakin yanvar-fevraldan etibarən bütün tibbi xidmətlər üzrə qeydiyyat prosesi tamamilə onlayn formada həyata keçiriləcək”.
Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, digər tibb müəssisələrinin e-Təbib sisteminə inteqrasiyası hazırda pilot mərhələsində həyata keçirilir:
"Layihənin bütün ölkə üzrə tətbiqi və sistemin qüsursuz işləməsinin təmin edilməsi əsas strateji hədəflərimizdəndir. Mövcud texniki çatışmazlıqlar barəsində artıq Rəqəmsal Həllər Mərkəzinə rəsmi qaydada müraciət olunub və problem həll prosesi davam etdirilir.
Hazırkı mərhələdə onlayn növbə xidməti xəstənin əvvəlcə qeydiyyat şöbəsinə yaxınlaşması, daha sonra isə həkimə yönləndirilməsi prinsipi əsasında işləyir. Lakin inkişaf strategiyasının növbəti mərhələsi xəstələrin birbaşa həkimdən onlayn növbə götürməsi prinsipinə keçidi nəzərdə tutur. Layihənin ilkin mərhələsində mövcud texniki problemlərin bu qədər təsir göstərə biləcəyi ehtimal edilməsə də, hazırda onların tam aradan qaldırılması üzərində intensiv iş aparılır.
Gözlənti ondan ibarətdir ki, yanvar–fevral aylarından etibarən e-Təbib tətbiqi sabit, fasiləsiz və qüsursuz şəkildə fəaliyyət göstərəcək. Həmin dövrdən etibarən tibb müəssisələrində ənənəvi qeydiyyat prosesinə ehtiyac minimuma enəcək və xəstələr birbaşa həkimin özündən elektron qeydiyyat götürə biləcəklər".
Tehsil-press.az














