"Əsma Hüquq Xidmətləri Servis" MMC-nin rəhbəri Tahir Qurbanova hökm oxunub. Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Tahir Qurbanov 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarına görə, Tahir Qurbanov bir neçə nəfərə qarşı dələduzluq edib. Onun qurbanları əsasən yaxınları həbs olunmuş şəxslər olub. Tahir Qurbanov həmin şəxslərə yüngül cəza verilməsinə, yaxud azadlığa buraxılmasına nail olacağı barədə onların yaxınlarına vəd edib. O, zərərçəkmişlərdən ümumilikdə 50 000 manatdan yuxarı pul alıb.
Tahir Qurbanov verdiyi vədi yerinə yetirmədiyinə görə barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
63 yaşlı Tahir Qurbanov qurbanlarına özünü vəkil kimi təqdim edib.
Tehsil-press.az













