Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli "Qafqaz planları" bumeranq effekti verir

Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli Kremlin uydurma “iddialar”ına indi yalnız sadəlövhlər inana bilərlər, Rusiya Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələrinə qarşı neoimperialist planlarından imtina etməlidirlər... Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tezliklə dünyadan təcrud olunaraq, tamamilə təklənmiş dövlətə çevrilə, Kreml “etibarsız və təhlükəli tərəfdaş” statusunu daha da möhkəmləndirə bilər...

Rusiya Cənubi Qafqaza geri dönməyə can atır. Ona görə də, Kreml hazırda bu regiona aid dövlətlərə qarşı təzyiq mexanizmlərini işə salıb. Bütün təzyiq potensialı ilə “hücuma” keçən Rusiya region dövlətlərinə özünün geopolitik maraqlarını diqtə etməyə çalışır. Üstəlik, Kreml bu təzyiq kampaniyasını ən qəddar metodlar üzərindən reallaşdırmağa cəhd göstərir. Və ona görə də, hazırda Rusiya Cənubi Qafqaz dövlətlərinin qətiyyətli müqaviməti ilə üzləşmiş durumdadır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin indi əsas təzyiq ssenariləri məhz Azərbaycana qarşı yönəldilib. Artıq uzun müddətdən bəridir ki, Rusiya və Azərbaycanın münasibətlərində ciddi ziddiyyətlər yaşanmaqdaydı. Ancaq Kremlin Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakı metodlarla təqib prosesinə başlaması Azərbaycan-Rusiya münasibətlərində ciddi siyasi-diplomatik böhran yaradıb. Və üstəlik, bu siyasi-diplomatik böhran hər ötən gün daha da dətinləşməkdə davam edir.

Məsələ ondadır ki, Kreml milli zəmində törətdiyi zorakılığa görə üzr istəmək niyyətində olmadığını qabardır. Eyni zamanda, Rusiya hüquq-mühafizə orqanlarının heç bir hüquqa sığmayan qəddarlığı davamlı xarakter daşıyır. Rəsmi Bakının Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakılığa sərt reaksiyası isə Kremldə həm ciddi narahatlıq, həm də qıcıq doğurur. Və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Rusiya bu situasiyadan çıxış yolları da axtarmağa başlayıb.

Maraqlıdır ki, Kreml yenə də neoimperialist ənənələrinə sadiq qalmağa çalışır. Rusiya hüquq-mühafizə qurumlarının törətdiyi zorakılığa görə günahkarları kənarda axtarmağa çalışır. Rəsmi Bakıya qarşı ittihamlar irəli sürülür ki, guya Azərbaycanın Rusiyada baş verən hadisələrə reaksiya verməsi guya bu ölkənin daxili işlərinə qarışmaq deməkdir. Halbuki, Kremldə anlamalıdırlar ki, hər hansı ölkənin daxilində dövlət qurumlarının milli-etnik zəmində törətdiyi zorakılıq qətiyyən “daxili iş” kateqoriyasına daxil deyil. Və belə zorakılıqlara qarşı sərt reaksiya tamamilə normal yanaşmadır.

Digər tərəfdən, Kreml üzr istəmək əvəzinə yenə də “xarici düşmənlər” tezisini gündəmə gətirməyə başlayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında Azərbaycanla qarşıdurmanın kənar dövlətlərin maraqlarına uyğun olduğu vurğulanır. Kreml bu bəyanatla bəzi xarici qüvvələrin Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə, xüsusilə də, Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışdığını iddia edir. Və bu iddialrın nə qədər absurd, həm də məntiqsiz olduğunu yəqin ki, Kremldə də çox yaxşı bilirlər.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda əsasən Rusiya geopolitik gərginlik və hərbi münaqişə törətməkdə birbaşa maraqlıdır. Üstəlik, Kreml bu istiqamətdə artıq müəyyən məkrli ssenarilər üzrə müxtəlif variantları da işə salmağa başlayıb. Kremlin Azərbaycana qarşı təzyiq kampaniyası da əslində, həmin ssenarilərin tərkib hissəsidir. Və bu baxımdan, Cənubi Qafqazda baş verənlərə görə Rusiyanın hansısa “xarici qüvvələrə” işarə etməsi tamamilə məntiqsiz görünür.

Digər tərəfdən, Kremlin Azərbaycan və Rusiya arasında yaranmış siyasi-diplomatik gərginliyin səbəblərini də “xarici qüvvələr”in fəaliyyətində axtarması olduqca yersiz iddiadır. Çünki Kreml bu məsələdə haqlı olduğunu sübut etmək üçün bəzi cavabsız suallara da aydınlıq gətirməlidir. Birincisi, Azərbaycan və Rusiya arasında siyasi-diplomatik böhranın yaranmasında AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması əsas səbəblərin sırasında yer alır. Və Kreml bununla bağlı izahat verməlidir.

Belə ki, Kreml Azərbaycanın sərnişin təyyarəsini Rusiya səmasında hansı “xarici qüvvə”nin vurduğunu faktlarla sübut etməlidir. Çünki artıq hər kəsə bəllidir ki, sərnişin təyyarəsi məhz Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Halbuki sərnişin təyyarəsi Rusiya üçün heç bir hərbi təhlükə törətməyib. Və bu baxımdan, törədilmiş hərbi cinayətə görə hələ də Azərbaycandan üzr istəməyən Rusiyanın “xarici qüvvə” tezisi cəgəngiyyatdan başqa bir şey deyil.

Belə anlaşılır ki, əslində, Kreml Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiya hərbi strukturlarını dolayısı ilə “xarici qüvvə” elan etmiş olur. Eyni zamanda, Rusiyada yaşayan Azərbaycanlılara qarşı da törədilmiş milli-etnik zəmində zorakılıqda iki ölkənin münasibətlərinə sarsıdıcı zərbələr vurub. Həmin zorakılıqları isə Rusiya hüquq-mühafizə orqanları törədib. Və belə olan təqdirdə Kreml Rusiya hüquq-mühafizə orqanlarını da “xarici qüvvə” elan etmiş olur. Və bu, o deməkdir ki, Rusiya Azərbaycana qarşı yolverilməz addımlar atır, günahi isə hansısa naməlum “xarici qüvvələr”in üzərinə yükləməyə çalışır.

Ancaq Kremlin bu uydurma iddialarına və yalan tezislərinə yalnız sadəlövhlər inana bilər. Ona görə də, Rusiya siyasi dairələri qonşu dövlətlərlə normal münasibətlər qurmaq niyyətindədirlərsə, onda ilk növbədə neoimperialist mövqedən imtina etməlidirlər. Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələri ilə normal bərabərhüquqlu münasibətlər qurmağa çalışmalıdırlar. Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tamamilə dünyadan təcrud olunaraq, təklənmiş dövlətə çevrilə bilər.

Elçin XALİDBƏYLİ


Tehsil-press.az

Oxşar xəbərlər