"BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası"nın Azərbaycanla bağlı hazırlanan "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatında binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur. Sənəddə bildirilir ki, yüksək səmərəliliyə malik elektrikli hava-su nasosları həm istilik, həm də isti su təmin edəcək.
Maraqlıdır ki, elektrikli istilik nasoslarının çoxmərtəbəli binalarda tətbiqi necə olacaq və xərclər necə dəyişəcək?
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması və onların elektrik əsasında çalışan sistemlərlə əvəz edilməsi təşəbbüsü ümumilikdə çox müsbət addımdır:
“Paytaxtdakı binaların çoxu 1-2 bloklu olsa da, mənzil sayı çoxdur. Belə binalara alternativ və bərpa olunan enerji ilə işləyən istilik sistemlərinin quraşdırılması tələbatı tam təmin edə biləcəkmi? Bu, böyük sualdır. Bu cür texnologiyaların çoxmənzilli binalarda səmərəli işləməsi üçün həm güclü infrastruktur, həm də böyük enerji tutumu tələb olunur. Ona görə də bu prosesin tətbiqi heç də asan olmayacaq”.
Natiq Cəfərli əlavə edib ki, nəzərdə tutulan yeniliklər fərdi evlərdə daha effektli nəticə verə bilər, çünki fərdi yaşayış evlərində elektrik enerjisindən istifadə və istilik təminatı daha rahat tənzimlənir:
“Bu səbəbdən dövlətin həmin vətəndaşlara bir sıra dəstək mexanizmləri təqdim etməsi vacibdir. Əgər insanlar öz fərdi evlərində elektrik enerjisinə və istiliyə olan tələbatı bu sistemlərlə qarşılaya bilirlərsə, onlara mütləq dəstək göstərilməlidir. Məsələn, avadanlığın quraşdırılması üçün faizsiz kredit verilməsi çox faydalı olar. Bundan başqa, vətəndaşların artıq istehsal etdikləri enerjini şəbəkəyə geri sata bilməsi üçün hüquqi mexanizmlər hazırlanmalıdır. Türkiyədə bu model uğurla tətbiq olunur”.
Tehsil-press.az






