Şərqşünaslıq İnstitutunda Azərbaycan-özbək ədəbi əlaqələrinə dair kitab nəşr olunub

Şərqşünaslıq İnstitutunda Azərbaycan-özbək ədəbi əlaqələrinə dair kitab nəşr olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimovanın “Milli-ideoloji məsələlər kontekstində Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyası çapdan çıxıb.
Müstəqil respublikamızın ədəbi əlaqələrini, bu əlaqələrdə milli inkişaf xüsusiyyətlərini araşdıran Təranə Həşimovanın dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyası elmi-nəzəri dəyəri, aktuallığı baxımından əhəmiyyətlidir. Zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələrini çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevirən alim iki xalqın poeziyasının ortaq xüsusiyyətlərini, qarşılıqlı bədii tərcümə problemlərini, müstəqillik dövründə ədəbiyyatlarının nəzəri-tipoloji müqayisəsini, qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlayır.
Monoqrafiya müasir özbək ədəbiyyatının öyrənilməsi, türk xalqlarının inteqrasiyası baxımından, ədəbi əlaqələrin ortaq və milli inkişaf xüsusiyyətlərinin müəyyənləşməsi istiqamətində yeni və uğurlu bir əsər, müstəqil respublikalarımızın ədəbi əlaqələrinin öyrənilməsində mühüm elmi nailiyyətdir.

Tehsil-press.az

Oxşar xəbərlər