Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri AzMİU-nun tələbələrinə mühazirə oxuyublar

Qırğızıstan-Türkiyə Manas Universitetinin müəllimləri AzMİU-nun tələbələrinə mühazirə oxuyublar Qırğızıstan-Türkiyə Manas Universitetinin Elektrik və elektronika mühəndisliyi kafedrasının müəllimi professor Özgül Salor-Durna və Kompüter mühəndisliyi kafedrasının müəllimi dosent Gülşat Muhametjanova Türk Universitetlər Birliyinin həyata keçirdiyi Orhun mübadilə proqramı çərçivəsində bir həftə müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının, İnformasiya texnologiyaları və sistemləri kafedrasının qonağı olublar.
Qonaqlar AzMİU-nun rəhbərliyi, müvafiq fakültə dekanları və kafedraların müdirləri, müəllim heyəti ilə görüşlər keçiriblər. Kafedraların əsas elmi istiqamətləri barədə onlara məlumat verilib, gələcəkdə tərəflər üçün maraq kəsb edən elmi-tədris layihələri müzakirə olunub. Professor Ö.Salor-Durna AzMİU-nun müəllimləri üçün Qırğızıstan-Türkiyə Manas Universiteti, eləcə də TUBİTAK layihələri ilə bağlı faydalı informasiyaları paylaşıb, Mühəndis sistemləri və qurğularının tikintisi ixtisasında təhsil alan tələbələrə mühazirələr oxuyub. Elektrik və elektronika mühəndisliyi ixtisasını açmaq üçün Türkiyənin Qazi Universiteti tərəfindən Qırğızıstan-Türkiyə Manas Universitetinə təyinatla göndərilən professor Ö.Salor-Durna ilə hər üç universitet arasında mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı da müzakirələr aparılıb.
Gülşat Muhametjanova isə tələbələr üçün “İntellektual sistemlər” mövzusunda mühazirə oxuyub, fakültənin müəllimləri ilə elmi və akademik sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.
Qonaqlar, həmçinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində işgüzar görüşlər keçiriblər, Şəhidlər və Fəxri xiyabanları ziyarət edib, Bakının görməli yerləri ilə tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər