Azərbaycan Dillər Universitetində qədim Çin dilinin tədrisi planlaşdırılır

Azərbaycan Dillər Universitetində qədim Çin dilinin tədrisi planlaşdırılır Azərbaycan Dillər Universiteti tələbələrinin Çin dilinə, ölkəmizin mədəniyyətinə və tarixinə olan marağı bizi çox sevindirir. Universitet nüfuzlu təhsil ocağı kimi Çin dilinin, mədəniyyətinin, tarixinin təbliğində böyük rol oynayır. Birgə elmi tədqiqatlar, konfranslar çox vacibdir. Bütün bu işlər fəal şəkildə davam edəcək.
Bu sözləri Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla ilə görüşündə deyib.
Qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor son illərdə Çin və Azərbaycan arasında elmi-mədəni əlaqələrin inkişafından danışıb. Rektor qeyd edib ki, ADU nəzdindəki Konfutsi İnstitutu uğurla fəaliyyət göstərir, müxtəlif istiqamətlərdə vacib tədbirlər təşkil olunur.
Tələbələrin Çinə, onun dilinə, tarixinə və mədəniyyətinə böyük marağı olduğunu deyən universitet rəhbəri diplomatı “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib.
ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən akademik Kamal Abdulla təhsil ocağında qədim dillərdən olan sanskrit dilinin tədris olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, yaxın vaxtlarda qədim Çin dilinin tədrisi də planlaşdırılır.
Əməkdaşlığa görə təşəkkürünü bildirən Dinq Tao deyib ki, ölkələrimizin universitetləri, beyin mərkəzləri, mediası, ədəbi və incəsənət qrupları arasında sıx mübadilələr aparılır. Azərbaycan Dillər Universiteti ilə sıx və səmərəli əməkdaşlıq mövcuddur, səfirlik bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsində, birgə tədbirlərin keçirilməsində maraqlıdır.
Görüş qarşılıqlı konfransların, elmi tədqiqatların təşkil olunması ilə bağlı müzakirələrlə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər