İlahiyyat İnstitutunun dosenti beynəlxalq seminarda Azərbaycanın mədəni irsinin öyrənilməsində ərəb dilinin rolundan danışıb

İlahiyyat İnstitutunun dosenti beynəlxalq seminarda Azərbaycanın mədəni irsinin öyrənilməsində ərəb dilinin rolundan danışıb Beyrutda yerləşən Ərəb Dili üzrə Struktur Bölmələrin Beynəlxalq Təşkilatı tərəfindən “Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda ərəb dili” mövzusunda onlayn formatda beynəlxalq elmi seminar olub.
Müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri seminarda Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradovun “Azərbaycanın mədəni irsinin öyrənilməsində ərəb dilinin mühüm rolu” mövzusunda məruzəsi dinlənilib. İ.Əlimuradov ərəb dilinin milli irsimizin, xüsusilə tariximizin araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini deyib. Ölkəmizdə istər ərəbdilli, istərsə də ərəb hərfləri ilə yazılmış xeyli sayda əlyazmanın, dini-mədəni abidələrin olduğunu diqqətə çatdıran İ.Əlimuradov bildirib ki, milli irsin öyrənilməsində ərəb dilinin rolu müstəsnadır.
Məruzəçi İslam mədəniyyətinin formalaşmasında, elmi, dini və mədəni fəaliyyətlərin inkişafında azərbaycanlı alimlərin rolundan danışıb, Azərbaycan və ərəb xalqları arasında mövcud olan və uzun illəri əhatə edən əlaqələrin bu gün də uğurla davam etdiyini vurğulayıb. O, ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki rolunu qeyd edərək, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi diqqət göstərildiyini söyləyib.
Qeyd edək ki, beynəlxalq elmi seminarın növbəti panelinin moderatorluğu İ.Əlimuradova həvalə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər