Ustad sənətkar İbrahim Tatlısəs ilə böyük oğlu Əhməd Tatlısəs arasındakı gərginlik gündən-günə artmaqdadır.Əhməd Tatlısəs atası İbrahim Tatlısəsin ruhi sağlamlığı ilə bağlı şübhələr irəli sürərək məhkəməyə qəyyumluq tələbi ilə müraciət etmişdi. Lakin məhkəmə araşdırmalarından sonra məşhur sənətkarın həm zehni, həm də fiziki cəhətdən sağlam olduğu qənaətinə gəlinib və qəyyumluq iddiası təmin edilməyib.
İbrahim Tatlısəs məsələ ilə bağlı vəkili vasitəsilə yazılı açıqlama yayıb. Açıqlamada mediada yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. Sənətkar qeyd edib ki, ruhi sağlamlığı yerindədir və bütün işlərini özü idarə edir:
“Mənim ruhi sağlamlığım sağlamdır. Öz işimi özüm idarə edirəm. Heç kimin həyatım boyu zəhmətimlə qazandığım sərvəti sorğulamağa haqqı yoxdur”.
Qeyd edək ki, ata-oğul arasındakı bu hüquqi mübahisə ictimaiyyətin də diqqət mərkəzindədir və mövzu ilə bağlı müzakirələr davam edir.
Tehsil-press.az















