Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə xəstəxanada dünyalarını dəyişdilər. Vəhşi cinayətin 3 qurbanı həyatdan vaxtsız köçdü, 2 alim isə vəhşiliyin, amansızlığın şahidi oldu. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular. Bu cinayət elm tarixində ağır itki, qara səhifə kimi qalacaqdır. Bu gün artıq alimlərdən 5-i də aramızda yoxdur. Hadisədən sağ xilas olan İdris müəllim təəssüf ki, 29 il sonra məhz 20 yanvarda qəfil vəfat edib.
2018-ci ildə professor İdris Əhmədov yaşadığı dəhşətli hadisəni xatırlayaraq bildirib: “İbrahim İbrahimov, İsmayıl Mursaqulov, Parlaq Mustafayeva və Svetlana Məmmədova ilə birlikdə paytaxtdan Sumqayıta – Polimer Materialları İnstitutuna işə gedirdik. Yanvarın 22-də Prezident Aparatı qarşısında keçirilən etiraz mitinqində iştirak etmişdik. Hətta İbrahim müəllim orada söz alaraq M.Qorbaçov hakimiyyətinə, Bakıda günahsız insanları gülləbaran etmiş hərbçilərin rəhbərlərinə öz kəskin etirazını və nifrətini bildirmiş, öz partiya biletini yandırmışdı.
Xırdalanı keçib Ceyranbatana yaxınlaşanda birdən professor İbrahim İbrahimovun idarə etdiyi avtomobil silkələnib, sürətini azaltdı və dayandı. İbrahim müəllimlə mən avtomobildən düşüb mühərriki yoxladıq, avtomobili təkrar işə saldıq. 20-30 metr getdikdən sonra eyni hal təkrar baş verdi, mən yenidən mühərrikə baxmaq istəyərkən, bayaqdan yanımızdan qulaqbatırıcı uğultu ilə ötüb keçən tanklardan birinin üstümüzə şığıdığını gördüm. Bizi əzib keçən tank hadisə yerindən sürətlə uzaqlaşdı.”
Artıq 36 ildir ki, alimlərimizin amansızlıqla qətlə yetirildikləri Bakı-Quba yolunun 24-cü kilometrliyində qoyulan anım lövhəsi Polimer Materialları İnstitutunun rəhbərliyi və əməkdaşlarının ziyarət yerinə çevrilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tehsil-press.az






