ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, son illər ADU ilə xarici ölkə universitetləri arasında elmi, mədəni əməkdaşlıq istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Bu əməkdaşlıq çərçivəsində akademik mübadilə, təcrübə və karyera imkanlarının təhlili, qarşılıqlı elmi konfransların keçirilməsi, dil və mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə bağlı addımların atılması nəzərdə tutulur:
“Bu gün çox əlamətdar bir gündür. ADU-da növbəti dil və mədəniyyət mərkəzi fəaliyyətə başladı. Mərkəzin fəaliyyətə başlaması ilə qardaş Özbəkistan xalqının dili, mədəniyyəti, tarixi və ədəbiyyatının öyrənilməsi, tədqiq olunması istiqamətində mühüm işlərə imza atılacaq. Bu ADU-nun növbəti uğurudur.
Həmçinin bu gün biz Cənubi Koreyanın Sunqşil Universiteti ilə əməkdaşlıq haqqında müqaviləni imzalayacağıq. Bu müqavilənin hər iki ölkənin elmi, mədəni münasibətlərinin inkişafına töhfə verəcəyinə inanırıq. Koreya dilinin tədrisi və öyrənilməsi ilə bağlı ADU-da fəaliyyət göstərən Koreya dili və mədəniyyəti mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Tələbələrimiz Koreya dilinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına böyük maraq göstərirlər. Bu da sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, Koreya ilə Azərbaycanın sıx elmi, iqtisadi, siyasi əlaqələri mövcuddür. Bu əlaqələr bizə yeni perspektivlər vəd edir. Bu perspektivlərdən düzgün şəkildə istifadə etmək lazımdır.
İnanıram ki, Koreyada fəaliyyət göstərən universitetlərdən birində də Azərbaycan dili və mədəniyyəti mərkəzinin faəliyyəti ilə bağlı qərar qəbul ediləcəkdir. Bu qarşılıqlı elmi və mədəni əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr bizə müəllim-tələbə mübadiləsi, elmi konfranslar və təcrübə imkanlarının dəyərləndirilməsi üçün zəruridir.
Bir daha bu əməkdaşlığın və qarşılıqlı tərəfdaşlığın yaradılmasında və inkişafında zəhməti olan hər bir əməkdaşa təşəkkür edir, yeni nailiyyətlə arzu edirəm”.
Daha sonra çıxış edən Koreya Tədqiqatlar İnstitutunun direktoru Cha Bong Jun Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edərək, ADU-nun beynəlxalq əlaqələrə verdiyi önəmi yüksək qiymətləndirib. İmzalanan Memorandumun iki ölkə arasında akademik körpünün möhkəmlənməsinə xidmət edəcəyini və bu əməkdaşlığın uzunmüddətli perspektivdə uğurlu nəticələr verəcəyi qeyd olunub.
Çıxışlardan sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirin sonunda qarşılıqlı əməkdaşlıq imkanları, gələcək birgə fəaliyyət istiqamətləri və konkret addımlar ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, bu Memorandum Azərbaycan Dillər Universitetinin beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti mühüm addımlardan biridir.
Tehsil-press.az











