BDU və Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Pekin Xarici Dillər Universitetinin rektoru Yanq Danq imzalayıb.
İmzalanma mərasimində rektor Elçin Babayev universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, Çin universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətində geniş əlaqələrin perspektivləri barədə danışıb. BDU-da tələbələrin bilik və bacarıqlarını artırmaları üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində görülən işlərdən, nailiyyətlərdən də söz açıb.
Pekin Xarici Dillər Universitetinin vitse-prezidenti Jia Dejong ikitərəfli əməkdaşlığın genişləndirilməsində, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, eyni zamanda, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə, həmçinin universitetin Asiya fakültəsinin dekanı professor Su Yinqinq, dekan müavini Qu Ciayün, Azərbaycan dili kafedrasının müdiri,filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Beynəlxalq mübadilə və əməkdaşlıq ofisinin direktor müavini Qonq Jinq və ofisin Beynəlxalq mübadilə sektorunun rəhbəri Quan Sin iştirak ediblər.
Görüş zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin yaradılması, təhsil və tədqiqat sahəsində iki universitet arasında əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Pekin Xarici Dillər Universitetində fəaliyyət göstərən Azərbaycan dili kafedrasında Azərbaycan dili ixtisasının tədrisi ilə bağlı məsələlərə diqqət yönəldilib.
Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisasında təhsil alan sonuncu kurs tələbələrinin BDU-da təcrübə keçməsi, akademik heyətin mübadiləsi imkanları müzakirə olunub. Ölkəşünaslıq və regionşünaslıq üzrə birgə elmi tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
İmzalanan anlaşma memorandumunun məqsədi tərəflər arasında elm, təhsil, mədəniyyət sahələrində yaxın gələcəkdə birgə ikili diplom proqramlarının yaradılması istiqamətində işlərin sürətləndilirlməsi, müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, ilkin mərhələdə magistratura və doktorantura səviyyələrində, sonralar isə bakalavriat səviyyəsində kadrların mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və keçirilməsidir.
Sonda müzakirə olunan mövzuları əhatə edən geniş fəaliyyət planının hazırlanmasına dair razılığa gəlinib.
Qeyd edək ki, 1941-ci ildə əsası qoyulmuş Pekin Xarici Dillər Universitetində 101 xarici dil, 121 bakalavr ixtisası tədris olunur. Universitetin hazırda 81 ölkədən 324 universitet ilə əməkdaşlıq müqaviləsi mövcuddur. Onlardan 23 müqavilə üzrə adıçəkilən universitetin maliyyələşməsi əsasında birgə Konfutsi İnstitutu fəaliyyət göstərir. Universitetin 8 professional magistr proqramı, kitabxanasında 1.52 milyon kitab var.

Tehsil-press.az



Oxşar xəbərlər