Bu olay bizə göstərdi ki, müəllim artıq sinifdə toxunulmaz, hörmət edilən, sözünə qulaq asılan fiqur deyil. Müəllim bu gün sistemin nəzərində də, şagirdin gözündə də, valideynin baxışında da zəiflədilmiş bir fiqurdur. Onun nüfuzu, səlahiyyəti, psixoloji gücü tədricən əlindən alınıb. İndi isə bunun nəticəsini hamımız birgə yaşayırıq.
İllərdir təhsil sistemində müəllimin statusu məqsədli şəkildə aşağı salınır. Müəllim yalnız hesabat verən, form dolduran, göstəriş icra edən, imtahan stresində yaşayan bir “mexanizmə” çevrilib. Onun pedaqoji nüfuzu yox, yalnız kağız üzərində göstəriciləri qiymətləndirilir. Sinifdə insan yetişdirən müəllim yox, statistik rəqəm yaradan icraçı yetişdirilir.
Bu sistemin başında duranlardan biri də hazırkı təhsil naziri — Emin Əmrullayevdir. Onun dövründə müəllimlərin problemləri həll olunmaq əvəzinə, daha da dərinləşdi. Təhsil islahatları adı altında aparılan dəyişikliklər, əslində, müəllimi daha çox sıxan, daha çox qorxu altında saxlayan mexanizmlərə çevrildi. Müəllim bu gün özünü güvənli yox, daim risk altında hiss edir: attestasiya, qiymətləndirmə, yoxlama, şikayət, sosial şəbəkə təzyiqi…
Xüsusilə attestasiya məsələsi müəllimin nüfuzuna vurulan ən ağır zərbələrdən biridir. Təsəvvür edin: 35-40 il ömrünü məktəbə həsr etmiş, minlərlə şagird yetişdirmiş bir adama deyirlər ki, gəl, yenidən imtahan ver. Sanki bu insan onilliklər boyu savadsız işləyibmiş. Sanki bu vaxta qədər dərs dediyi uşaqlar heç nə öyrənməyibmiş. Bu hansı məntiqə, hansı vicdana, hansı pedaqoji etikaya sığır?
Bu yanaşma müəllimə açıq mesajdır: “Biz sənə inanmırıq.” Sistem öz müəlliminə inanmadığı yerdə, şagird niyə inansın?
Bu gün sinif otaqlarında baş verənlər də bunun nəticəsidir. Şagird müəllimlə istədiyi tonda danışa bilir. Qışqıra bilir. Hörmətsizlik edir. Hətta açıq şəkildə təhdid edir: “Telefonla çəkərəm, paylaşaram”. Sosial şəbəkə artıq şagird üçün silaha çevrilib. Müəllim isə bu silahın qarşısında müdafiəsiz qalıb. Çünki arxasında onu qoruyan güclü sistem yoxdur.
Müəllim bilir ki, bir valideyn şikayəti, bir video paylaşımı onun illərlə qurduğu karyeranı məhv edə bilər. Ona görə də çox zaman susur. Geri çəkilir. Prinsipindən vaz keçir. İradəsizləşir. Avtoritetini itirir. Sinifdə söz sahibi olmaq əvəzinə, özünü qorumağa çalışan insana çevrilir.
Bu mühitdə böyüyən şagird də müəllimi artıq “ali mövqe”də görmür. Onu hörmət ediləcək şəxs yox, üzərinə basıla biləcək maneə kimi qəbul edir. Bu psixologiya isə zamanla daha təhlükəli formalar alır. Bu gün təhqirdir, sabah təzyiqdir, bir gün isə silahdır.
“İdrak” hadisəsi göstərdi ki, artıq təhlükə realdır. Bu, sadəcə ehtiyatsızlıq, təsadüf, ya da fərdi məsuliyyətsizlik deyil. Bu, sistemin yetişdirdiyi mühitdir. Bu, müəllimi zəiflədirərək “problemi həll etdiyini” düşünən idarəetmənin nəticəsidir.
İllərdir müəllim aşağılanır:
– maddi baxımdan,
– mənəvi baxımdan,
– hüquqi baxımdan,
– ictimai nüfuz baxımından.
Və bunun əvəzində biz nə alırıq? Daha aqressiv şagird, daha qorxmuş müəllim, daha zəif məktəb, daha təhlükəli mühit.
Bu hadisə bizə bir neçə həqiqəti açıq göstərdi:
Birincisi, təhsil sistemində müəllim mərkəzli yanaşma yoxdur. Müəllim qorunmur.
İkincisi, müəllimin hüquqları real mexanizmlərlə müdafiə olunmur.
Üçüncüsü, məktəblərdə intizam və məsuliyyət anlayışı demək olar ki, yox olub.
Dördüncüsü, sosial şəbəkə təzyiqi təhsil mühitini zəhərləyir.
Beşincisi, idarəetmə islahat adı altında müəllimi daha da zəiflədir.
Bu tendensiya dəyişməyincə, bu faciələr təkrar olunacaq. Bəlkə sabah başqa məktəbdə, başqa müəllimin başına gələcək. Bəlkə də daha ağır nəticə ilə.
Cəmiyyət müəllimi əvvəlki kimi “müqəddəs peşə sahibi” kimi görmürsə, bunun əsas günahkarı müəllim deyil, onu bu hala salan sistemdir. Müəllimi imtahan otaqlarında yoxlayan, amma sinifdə qorumağı bacarmayan sistemdir. Müəllimi hesabatlarla boğan, amma təhlükəsizliyini təmin etməyən idarəçilikdir.
Əgər doğrudan da bu ölkədə sağlam təhsil sistemi qurmaq istəyiriksə, ilk növbədə müəllimin nüfuzunu bərpa etməliyik. Ona güvənməliyik. Onu qorxutmamalıyıq. Onu təzyiq altında saxlamamalıyıq. Onu cəmiyyətin ön sırasına qaytarmalıyıq.
Əks halda, “İdrak” hadisəsi tarixdə tək qalmayacaq. Bu, sadəcə başlanğıc olacaq.
Tehsil-press.az










