Misirli alimin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub

Misirli alimin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin “Müstəqillik dövrü Azərbaycan romanı” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli misirli alimin monoqrafiyasının müstəqillik dövrü Azərbaycan ədəbiyyatının öyrənilməsində əhəmiyyətindən danışıb. Bildirilib ki, kitabda müstəqillik dövrü Azərbaycan ədəbiyyatında roman janrı mövzu, problematika və sənətkarlıq məsələləri kontekstində təhlil olunub. Ciddi yaradıcılıq axtarışlarının bəhrəsi olan monoqrafiyada təxminən on beş illik dövrün ədəbiyyatı araşdırma obyektinə çevrilib.
Qeyd olunub ki, kitabda İsmayıl Şıxlının “Ölən dünyam”, Əzizə Cəfərzadənin “Zərrintac-Tahirə”, “Eşq sultanı”, “Xəzərin göz yaşları”, Anarın “Ağ qoç, qara qoç”, Sabir Əhmədlinin “Axirət sevdası”, “Kef”, “Ömür urası”, İsa Muğannanın “İsahəq, Musahəq”, “Cəhənnəm” və digər yazıçılarımızın bir sıra əsərləri təhlil olunaraq mövcud ədəbi proses kontekstində dəyərləndirilib. Həmçinin müstəqillik dövrü Azərbaycan romanı Misirdə eyni illərin müvafiq ədəbi örnəkləri ilə müqayisəli şəkildə araşdırılıb. Bu mənada Misir ədəbiyyatının görkəmli nümayəndələri Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda müasir ərəb romanları ilə analoji təhlillər aparılması diqqəti çəkir. Bu tipli müqayisəli təhlillər hər iki ədəbiyyatın bəlli janrlar çərçivəsində oxşar və fərqli dəyərlərini səciyyələndirməyə imkan verdiyindən elmi əhəmiyyət kəsb edir.
Üç fəsildən və 192 səhifədən ibarət bu kitab misirli alimin Azərbaycan ədəbiyyatına, xüsusilə də roman janrına müasir yanaşmasını ortaya qoyur.

Tehsil-press.az

Oxşar xəbərlər