Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub

Müasir uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 80 illiyi qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının professoru Zahid Xəlilin 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Qonaqlar tədbirdən əvvəl Zahid Xəlilin zəngin yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.
Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, Zahid Xəlil müasir ədəbiyyatımızın zirvələrindən biri olmaqla yanaşı, həm də 60 ilə yaxın müddət ərzində Pedaqoji Universitetdə fəaliyyət göstərir. O, zaman-zaman ADPU-da “Gənc müəllim” qəzetinin redaktoru, müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət edib və bu gün də xidmətini yüksək məhsuldarlıqla davam etdirir. Xüsusən Vətən müharibəsi dövründə Zahid Xəlil yaradıcılığı xalqımızın böyük qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” kimi möhtəşəm əsər yaradıb.
Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Bilal Həsənli Zahid Xəlil yaradıcılığı haqqında öz təəssüratlarını bölüşüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ədibin onun yaradıcılığına həsr etdiyi məqalə ilə çıxış edib.
Türkiyənin Çanaqqala 18 Mart Universitetinin professoru Məmməd İsmayıl canlı klassik olan Zahid Xəlilin həm bütün MDB məkanında, həm də Türkiyədə çox yaxından tanındığını vurğulayaraq, onun elm və sənətlə eyni dərəcədə məşğul olaraq mükəmməl nəticələr ortaya qoyduğunu bildirib.
Yubiley tədbirində məruzə ilə çıxış edən Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev Zahid Xəlilin Azərbaycan ədəbiyyatında kiçik yaşlı uşaqlar üçün peyzaj lirikasının mükəmməl nümunələrini yaratdığını qeyd edib. Bildirib ki, o, əsərlərində həm bədii, həm də pedaqoq baxışı sərgiləyir, uşaqlarda poeziya ilə anlayışların formalaşmasının mükəmməl nümunələrini yaradır.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi dosent Aygün Bağırlı Zahid Xəlilin institutun Elmi şurasının qərarı ilə təsis olunmuş “Uşaq ədəbiyyatı üzrə Abdulla Şaiq mükafatı”nın ilk laureatı seçildiyini diqqətə çatdırıb və mükafatı ədibə təqdim edib.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova universitet və fakültə rəhbərliyi adından Zahid Xəlili təbrik edib və universitetin rəhbərliyi adından uzunmüddətli ədəbi və elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərman təqdim edib.
Bədii hissədə fakültənin “Meh ədəbi dərnəyi”nin üzvləri ədibin yaradıcılığından nümunələr səsləndirib, mahnılar oxuyub, ədəbi kompozisiyalar nümayiş etdiriblər.
Sonda Zahid Xəlil onun yaradıcılığına göstərilən diqqətə görə universitet rəhbərliyinə və ədəbi ictimaiyyətə təşəkkürünü bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər