Autizm nədir?

Autizm nədir? Xəstəlik barəsində oxucularımıza məlumat vermək üçün “Narınc” Psixologiya Mərkəzininmütəxəssisi, tanınmış psixoloq Elnur Rüstəmovla görüşüb söhbətləşdik.

- Elnur həkim, autizm nədir?
- Autizm, doğumdan sonra, ilk üç il ərzində ortaya çıxan və bütün həyat müddətində davam edən, sosial münasibət məhdud maraq sahələri ilə özünü göstərən, fərqli inkişafa səbəb olan pozuntudur.
Hazırda hər 110 uzaqdan birinə autizm diaqnozu qoyulur. Bu da bir çox ailənin həyatının tamamilə dəyişməsinə səbəb olur.

- Xəstəliyin yaranma tarixi haqqında nə deyə bilərsiniz?
- 20-ci əsrin ortalarına qədər belə bir xəstəlik müşahidə olunmamışdır. 1943-cü ildə doktor Leo Kanner 11 uşaq üzərində apardığı tədqiqatların nəticəsində ədəbiyyata “Erkən uşaqlıq autizmi” terminini gətirdi. Kanner üzərində çalışdığı 11 uşaqda sosial münasibət qurma bacarığının olmaması, ünsiyyət üçün dildən istifadə etməmək, dəyişikliklərə adaptasiya olma bacarığının əksikliyi kimi diaqnoz xüsusiyyətləri olan əlamətləri müşahidə etmişdir. Həmin illərdə Hans Asperger, hazırda Asperger Sindromu adlanan eyni pozuntunun daha yüngül formasını formalaşdırmışdı.
İllərlə davam edən araşdırmalar nəticəsində tədqiqatçılar, autizm ilə uşaq şizofreniyasının fərqli pozuntular olduğu barəsində birlikdə müəyyən işlər aparmış və autizm rəsmi təsnifat termini olaraq DSM-3-ə daxil edilmiş, 1994-cü DSM-4-də yayılmış inkişaf pozuntuları (autistik spektrum pozuntuları termini daha çox istifadə olunur) başlığı altında yerini almışdır. Bu başlıq daxilində bəzi fərqliliklərlə bir-birindən ayrılan, lakin nəticə etibarilə eyni simptomların olduğu müxtəlif tablolar yer alır.
DSM-4 TR-yə əsasən, autistik uşaq üç yaşından əvvəl aşağıdakı sahələrin birində və ya bir neçəsində ləngimə və ya anormal funksiya göstərəcək:
 Sosial münasibət;
 Sosial ünsiyyətdə istifadə olunan dil;
 Xəyali və ya simvolik oyun oynamaq.

Autizm nədir?

- Autizm xəstəliyinin yaranmasına səbəb olan amillər hansılardır?
- Autizmin səbəbi hələ də tam müəyyənləşməmişdir. Çünki autizmin bir səbəbi deyil, bir çox səbəbi məlumdur. Autistik fərdlərdə beyin hüceyrələri fərqli mexanizmlə fəaliyyət göstərir. Hüceyrələr arasında impuls ötürən kimyəvi siqnallarda əksiklik və artıqlıq olduğu düşünülür. Autistik uşağın qardaş və ya bacısında problemin görülmə riski ümumi populyasiyaya görə 50-100 dəfə daha çoxdur. Tək yumurta əkizlərində hər ikisinin birində autistikolma nisbəti cüt yumurta əkizlərinə görə daha çoxdur. Bütün bunlar genetikanın təsirini göstərir. Amma genetikanın yeganə səbəb olmadığını da nəzərə almaq lazımdır. Yalnız genetik təsir olsaydı, tək yumurta əkizlərində hər iki uşaqda həmişə autistikolma ehtimalı yüksək olardı.
Doğurdan öncə, doğum və doğum sonrası faktorlar ilə autizm arasında xüsusi münasibət müəyyən olunmuşdur. Həmçinin ana bətnində keçirilən qızılca virusunun da autizmə səbəb olduğu bilinir.
Autizm oğlanlarda qızlarla nisbətdə 4 dəfə daha çox müşahidə edilir. Autistik fərdlərin 70 faizində zəka geriliyi görülür. 30 faizi normal və bu faizin 10 faizdən çoxu üstün zəkaya sahibdir.
Zəka səviyyəsi ilə yanaşı olan digər xəstəliklər autizmin ağırlıq dərəcəsi ilə bağlı müəyyənləşdirici rol oynayır. Yanaşı olan xəstəliklər arasında ən çox rast gəlinəni diqqət əskikliyi, hiperaktivlik, həyəcan pozuntuları və epilepsiyadır. Hər üç uşaqdan biri epilektik mənada risk daşıyır. 0-5 yaşarası və yeniyetməlik dönəmində epilepsiya tutmalarının müşahidə tezliyi artır.

Autizm nədir?

- Uşaqlara autizm diaqnozu qoymaq üçün hansı kriteriyalar əsas götürülür?
- Bir uşağa autizm diaqnozu qoymaq üçün aşağıdakı siyahıdanən azı 6 kriteriya uyğun olmalıdır:
Sosial münasibətlərdə pozuntu ( uşaqda ən azı iki simptom müşahidə olunmalıdır):
Sosial münasibətlərdə çətinlik yaşamaq, məsələn uşaq göz kontaktı, üz ifadəsi, qamət və mimikalar kimi qeyri-verbal bir çox davranışlar nümayiş etdirir;
Uşağın inkişaf səviyyəsinə uyğun olaraq həyatı ilə əlaqə əksikliyi;
Uğurları, maraq dairəsi və ya həzz aldığı vasitələri digərləriylə paylaşma barəsində istəksizlik;
Sosial və duyğusal münasibət qura bilməmək və ya cavablandıra bilməmək.
Ünsiyyət pozuntusu (ən azı biri);
Danışıq dilinin inkişafının gecikməsi, dil inkişafının olmaması və uşağın bunun əksikliyni hərəkətlərlə korreksiya çalışması;
Danışıq qabiliyyəti olan uşaqlara nitqin inkişafına başlamaq və ya nitqi davam etdirmə barəsində qeyri-kafi cəhdlər;
Stereotip, qəlibləşmiş nitq.
Xəyali və ya simvolik oyun oynamaq (ən azı biri);
Uşağın inkişaf səviyyəsinə uyğun olaraq təqlidə bağlı sosial oyunlar oynamamaq və xəyali oyun oynamamaq;
Stereotip, məhdud və qəlibləşmiş fəaliyyətlər, davranışlar və maraq sahələri (ən azı biri);
Sərhədləşmiş və qəlibləşmiş (məsələn, bəzi obyektləri çevirmək) anormal (fokuslanma və daimi olaraq) maraq sahələriylə məşğul olmaq;
Funksiya və ya məqsədi olmayan rutinləri və ya stereotip hərəkətləri inadla təkrarlamaq;
Obyektlərin hissələriylə daimi olaraq məşğul olmaq.

Autizm nədir?

- Həkim, bəs autizmin əlamətləri hansılardır?
- Autizmin tipik və ümumi əlamətləri var. Autizm diaqnozlu fərdlər aşağıdakı tipik davranışların ən azı yarısını göstərirlər. Bu simptomlar çox yüngül və ya çox kəskin ola bilər. Hər bir simptomun təsiri də digərindən fərqli olma ehtimal var. Həmçinin bu davranışlar bir çox fərqli səbəblə ortaya çıxaraq inkişafına müvafiq olmayacaq tərzdə nümayiş oluna bilər. Tipik davranışlara aşağıdakıları misal göstərə bilərik:
 Göz kontaktı məhduddur və ya yoxdur;
 Ətrafa qarşı marağı yoxdur;
 Adına reaksiya vermir;
 Həddindən artıq hərəkətli və ya hərəkətsiz ola bilərlər;
 Bəziləri fiziki təmasa (öpmə, qucaqlama) icazə vermir və ya sevmir;
 Əksərən insanlara deyil, cansız varlıqlara üstünlük verirlər;
 Sosial və duyğusal baxımdan özlərini izolyasiya edirlər;
 İşarə etmirlər, ehtiyaclarını böyüklərin əlindən istifadə etməklə ifadə edirlər;
 Təqlid bacarıqları yoxdur və ya məhduddur;
 Bir çoxunda nitq inkişaf etməmişdir;
 Nitqi inkişaf etsə də, bundan ünsiyyət vasitəsi kimi istifadə etmirlər;
 Exolalikdirlər, deyilənləri təkrar edirlər;
 Əmrləri tərs yerinə yetirirlər;
 Uyğun olmayan vuğulamalar, qəliz cümlələrlə danışırlar;
 Mexaniki və bir istiqamətli səs tonundan istifadə edirlər;
 Uyğun olmayan gülmə davranışları var;
 Davamlı obsessiyaları var ;
 Obyekt obsessiyaları var.
Əşyalara lazım olmadan bağlanma (ip, şüşə, maşın və s);
 Rutinlərdəki fərqliliklərə reaksiya verirlər;
 Təkrarlanan davranışları (stereotipləri) var (Obyektləri çevirmə, əl vurma, tullanma, öz ətrafında fırlanma, barmaq ucunda gəzmə);
 Oyuncaqlarla lazım olduğu kimi oynamamaq (maşınları düzür, topu fırladır);
 Xəyali oyun oynamır;
 Eyni davamlı oyunları oynamağa üstünlük verir;
 Bəziləri səs, ağrı, qoxu, işıq və toxunuşa qarşı həddindən artıq həssaslıq göstərir;
 Bəziləri soyuq, isti, ağrıya qarşı laqeyd ola bilir;
 Bəziləri özünə, ətrafdakılara və əşyalara zərər verə bilir;
 Gözləməyi və ya istəklərini sonraya saxlamağı sevmirlər.

Autizm nədir?

Autiklər aşağıdakı ümumi davranışların ən azı yarısını edirlər. Bu əlamətlər bəzi xəstələrdə çox yüngül və ya çox kəskin olur. Hər bir əlamətin təsiri də digərindən fərqlidir. Bu davranışlar bir çox fərqli səbəblə və yaşlarına uyğun olmayan şəkildə nümayiş etdirilir;
 Digər uşaqlarda ünsiyyət yaratmaqda çətinlik;
 Hər şeyin eyni olmasını istəmək, rutin həyata bağlılıq, dəyişikliklərə həddindən artıq reaksiya vermək;
 Uyğunsuz və səbəbsiz gülmək və ağlamaq;
 Həddindən artıq hərəkətlilik və ya əksinə;
 Təhlükəyə qarşı laqeydlilik ;
 Göz kontaktının çox az və ya heç olmaması;
 Davamlı eyni oyunu oynamaq;
 Ağrıya qarşı laqeydlilik;
 Exolaliya (cavab vermək əvəzinə, ona deyilənləri eynilə təkrarlamaq);
 Tək qalmağa üstünlük vermək;
 Ehtiyaclarını müəyyən etməkdə çətinlik çəkmək. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını bildirməyə çalışmaq;
 Kontaktı, qucağa alınmağı və ya sevilməyi xoşlamamaq;
 Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeydlik;
 Düzgün öyrənmə metodlarına qarşı laqeydlilik;
 Obyektlərə lazımsız yerə bağlanmaq;
 Səbəb olmadan stress yaşamaq və kədərlənmək.

Autizm nədir?

- Autizm diaqnozlu uşaqların valideynlərinə hansı məsləhətlərinizi verə bilərsiniz?
- Bu diaqnozlu uşaqların valideynlərinə məsləhətim odur ki, onlar diqqətli, təmkinli olsunlar. Zamanında problemin həlli istiqamətində mütəxəssis dəstəyi alsınlar. Nəzərə almaq lazımdır ki, belə uşaqlarla işləmək, təlim-tərbiyələri ilə məşğul olmaq daha çox qayğı, diqqət, səbir tələb edir. Hər bir valideyn istəyir ki, onun ailəsində sağlam övlad böyüyüb, tərbiyə alsın. Mən də bir psixoloq kimi bütün ailələrə sağlam övlad, xoşbəxt, qayğısız həyat arzulayıram.

- Elnur həkim, dəyərli məsləhətiniz üçün sizə təşəkkürümü bildirirəm. Müsahibəyə görə çox sağ olun!


Müsahibəni apardı:
Kəmalə RƏHİMLİ

Oxşar xəbərlər