“Valideynin başı telefona qarışdığından uşağı maşın vurmuşdu...”

“Valideynin başı telefona qarışdığından uşağı maşın vurmuşdu...” Son zamanlar mediada ən çox yayımlanan xəbərlərdən biri də bəzi valideynlərin diqqətsizliyi nəticəsində azyaşlıların mənzillərin eyvan və pəncərələrindən yıxılaraq həlak olmalarıdır.

Hətta bu səbəbdən iki dövlət qrumu- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq açıqlama yayaraq ailələrin faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə diqqətli və məsuliyyətli olmalarını tövsiyə edib.
Tehsil-press.az bu məqamda psixoloq Nuriyyə Quliyevadan məsələylə bağlı münasibət öyrənib. Psixoloq bildirib ki, hazırda qəzalar uşaq ölümləri arasında 5-ci yerdədir və bu da kifayət qədər böyük rəqəm deməkdir:
“İstər xarici ölkələrdə, istərsə də Azərbaycanda son bir neçə ayda qəzalar nəticəsində uşaq ölümlərinin sayı xeyli artıb. Burada əsas səbəb valideyn diqqətsizliyidir. Bütün valideynləri eyni kateqoriyaya qoymaq olmaz. Amma hadisələri incələdiyimiz zaman əsas səbəbin diqqətsizlik olduğunu görə bilərik. Belə bir hadisə baş vermişdi ki, yolda valideynin başı telefona qarışdığı üçün azyaşlı övladını maşın vurmuşdu.
Valideynlər arasında aparılan sorğu zamanı məlum olub ki, bir çox valideyn 2-5 yaş arası uşağını evdə tək qoyur. Bu, çox təhllükəli haldır. Sözügedən yaş dövründə uşaqlar hər şeyə maraqlı olur, daim hərəkət edirlər. Bu da qəza hallarının yaşanmasında başlıca rol oynayır. 5 yaşlı uşaq eyvandan baxmağı çox sevir və daha çox vaxt böyüklərini təqlid edir. Bu yaşda uşaqlar əyilən zaman əsas ağırlıq başa düşür və tarazlıq pozulur. Nəticədə də eyvandan yıxılır. Bu səəbdən də uşaqları gözdən uzağa qoymamaq daha məsləhətlidir”.

“Valideynin başı telefona qarışdığından uşağı maşın vurmuşdu...”

Psixoloq onu da qeyd edib ki, uşaqların yaş dövrlərinə görə müxtəlif maraqları var. Valideynlər bu halları nəzərə alıb daha diqqətli davranmalıdırlar:
“1 yaşa qədərki dövrdə uşaqlarda iməkləmə olur və onların ətraflarında təhlükəsiz sahə yaradılmalıdır. Bu yaş dövründə uşaqların məkan qavrayışı olmadığı üçün pilləkənlərin yanından uzaq tutulmalıdır. 1-3 yaş dövründə uşaqlarda suya maraq yaranır. Bu səbəbdən də boğulma hallarına daha çox bu yaş dövründə rast gəlmək olar. 3-5 yaş dövründə isə uşaqlarda oyuqlara maraq artır. Xüsusilə toklara maraqları olduğu üçün cərəyana çöp və başqa əşyalar sala bilərlər. Hazırda toklara taxılan qapaqlar olur, çox yaxşı olar ki, valideynlər onlardan istifadə etsin. 7 yaşdan yuxarı isə kibrit, alışqanla oynamağa çalışır.
Valideyn uşağını yaxşı tanımalı, hərəkətlərinə bələd olmalıdır ki, onu bu təhlükələrdən vaxtında qoruya bilsin. Bütün bu sadaladıqlarımıza əməl olunsa, qəzaların sayı da minimuma enər”.


Tehsil-press.az

Oxşar xəbərlər