Hindistanın Azərbaycandakı səfiri Dillər Universitetində oldu

Hindistanın Azərbaycandakı səfiri Dillər Universitetində oldu Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananı qəbul etdi.
Qonağı salamlayan professor Dünyamin Yunusov onu ADU-da görməkdən şad olduğunu bildirdi və universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında danışdı. ADU-nun öndəgedən universitetlərdən biri olduğunu deyən D.Yunusov universitetə qəbulun ildən-ilə artdığını bildirdi. O, bu il universitetdə təhsil alacaq tələbələrin sayının yeddi mindən çox olduğunu da sözlərinə əlavə etdi. Professor Dünyamin Yunusov ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini qeyd etdi. O, təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını vurğuladı. Professor Dünyamin Yunusov universitetdə mövcud olan Hindistan mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək tələbələrin bu dili böyük maraqla öyrəndiklərini sözlərinə əlavə etdi.
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən səfir Sanjay Rana universitetdə Hindistan mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərməsinin sevindirici hal olduğunu bildirdi. O, ADU-da fəaliyyət göstərən Hindistan mərkəzinin daha da inkişaf etməsinə kömək edə biləcəklərini, eyni zamanda mərkəz üçün lazım olan kitabların səfirlik tərəfindən təmin ediləcəyini vurğuladı.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi haqqında fikir mübadiləsi aparıldı.
Sonda səfir professor Dünyamin Yunusova hədiyyə təqdim etdi.
Görüşdən sonra səfir ADU-da fəaliyyət göstərən açıq kitabxana ilə tanış oldu.

ADU-nun Mətbuat Xidməti



Hindistanın Azərbaycandakı səfiri Dillər Universitetində oldu

Oxşar xəbərlər