Səfir Karlos Dante Riva Dillər Universitetinin tələbələri ilə görüşdü

Səfir Karlos Dante Riva Dillər Universitetinin tələbələri ilə görüşdü 26 may 2016-cı il tarixində Argentinanın Azərbaycandakı fövləqadə və səlahiyyətli səfiri Karlos Dante Riva Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşdü. Görüşdən öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov səfiri qəbul etdi və onu universitetdə görməkdən məmnunluğunu dilə gətirdi.
Dillər Universitetinin yaranma tarixi və tədris prosesi haqqında məlumat verən professor Dünyamin Yunusov eyni zamanda elm sahəsində görülən işlərdən də söz açdı. 7 fakültədə 22 dilin tədris olunduğunu qeyd edən professor universitetdə fakültələr üzrə mövcud olan ixtisaslar haqqında da danışdı, o cümlədən Beynəlxalq Münasibətlər fakültəsinin Argentinaşünaslıq ixtisasında təhsil alan tələbələrin bu ixtisasa hədsiz marağının olduğunu vurğuladı. O, universitetin beynəlxalq əlaqələrindən söhbət açaraq hazırda universitet hesabına 10 nəfər ADU tələbəsinin Çinin Şenyan Pedaqoji Universitetində təhsil aldığını bildirdi, Argentina universitetləri ilə əməkdaşlığa maraqlı olduğunu qeyd etdi. ADU-da Argentina mərkəzinin açılmasının bu ixtisasda təhsil alan tələbələr üçün vacibliyini vurğulayan Dünyamin Yunusov görüşün Argentina ilə sıx əlaqələrin qurulmasının başlanğıc mərhələsinə qədəm qoyduğunu söylədi və bu işdə səfirliyin dəstəyini yüksək qiymətləndirdi.
Argentinanın Azərbaycandakı fövləqadə və səlahiyyətli səfiri Karlos Dante Riva səmimi qəbula görə öz minnətdarlığını ifadə etdi. Dilin vacib faktor olduğunu söyləyən səfir Latın Amerikasında bir dilin istifadə edildiyini diqqətə çatdırdı. Təmsil etdiyi ölkədə geniş təhsil imkanlarının olduğunusözlərinə əlavə edən Karlos Dante Riva universitetdə ispan dilinin tədrisini yüksək qiymətləndirərək təhsil səhəsindəki əlaqələrin ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdən sonra səfir Karlos Dante Riva tələbələrə Argentinanın “25 May- Respublika günü” ilə bağlı mühazirə oxudu. Mühazirənin tarixi mövzuya həsr edildiyini söyləyən səfir Argentina konstitusiyasının 1810-cu ildə qəbul olunmasını müstəqillik yolunda atılan addımlardan biri kimi qiymətləndirdi. O, ölkəsinin müstəqillik uğrunda uzun yol keçdiyini və 1816-cı ildə ispan hərbi qüvvələrinin ölkədən tamamilə çıxarılması ilə Argentinanın tamhüquqlu müstəqillik əldə etdiyini bildirdi.
Səfir Argentinanın Çili, Paraqvay, Boliviya və Braziliya ilə sərhəd münaqişələri yaşadığını, lakin onların sülh yolu ilə həll olunduğunu diqqətə çatdırdı.
ADU-nun Regionşünaslıq kafedrasının dosentiAqil Şahmuradov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və “28 May-Respublika günü” ilə bağlı mühazirəsində 1918-1920-ci illəri əhatə edən dövrün Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini dedi. O, 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bildirdi. Aqil Şahmuradov AXC-nin yarandığı ilk gündən etibarən azad iqtisadiyyatın yaradılmasının təmin olunması, təhsil sahəsinə göstərilən qayğının bariz nümunəsi olan Bakı Dövlət Universitetinin əsasının qoyulması, Azərbaycan dilinin dövlət dili elan edilməsi və sair kimi böyük işlər gördüyünü diqqətə çatdırdı. Eyni zamanda azərbaycanlı tələbələrin xarici ölkələrdə, o cümlədən İtaliya, Almaniya, Fransa, Türkiyədə təhsil almaları üçün təqaüd ayrılmasının məhz AXC-nin dövrünə təsadüf etdiyini nəzərə çatdırdı. Sonda səfir Argentinanın tarixini, ədəbiyyatını, incəsənətini və digər məlumatları özündə əks etdirən kitab və dərs vəsaitlərini universitetə hədiyyə etdi.

Mətbuat və İnformasiya Şöbəsi


Səfir Karlos Dante Riva Dillər Universitetinin tələbələri ilə görüşdü

Oxşar xəbərlər