DÖVLƏT MÜSTƏQİLLİYİMİZ DAİMİDİR, ƏBƏDİDİR, DÖNMƏZDİR!
Ulu öndər Heydər Əliyevin dilindən səslənən bu fikir az keçmədi ki, mötəbər kəlama, şüara çevrildi. 70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, bu niyyətini yalnız ötən əsrin sonunda gerçəkləşdirmək imkanı qazandı. Bir xalqın, bir millətin azadlıq uğrunda mücadiləsi zaman- zaman büdrədiyi, lakin heç vaxt çətinliyindən usanmadığı mübarək bir yolun son ünvanı... Müstəqillik!
Müstəqilliyin bir xalqa verəcəyi nemətdən ali nə ola bilərdi?
Doğru deyiblər, dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur.
Azərbaycan nadir ölkələrdəndir ki, bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etməyi bacardı. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Respublikasının yarandığını bəyan etdi. Müsəlman Şərqinin ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanındı, müstəqil dövlətin təsisatları yarandı. Lakin bu müstəqillik tarixinin ömrü çox çəkmədi. 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyi qanla boğuldu.
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil dövlət elan etdi. Həmin aktda, həmçinin Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun qurmaq hüququ təsbit olundu.
Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın çağırışlarına cavab verərək Bakıya döndü. Bu dönüş tarixin sosial sifarişi idi. Bu dönüş xalqın istəyi ilə hasil oldu. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı uçuruma sürükləyən təhlükələri dəf etdi, xalqın nigaran həyatına son qoydu. Ölkənin həqiqi müstəqilliyinin yolunu müəyyənləşdirdi.
Yanlış kadr siyasəti, daxili didişmələrin hobbiyə çevriləcək dərəcədə intensivliyi, dünənki "çayxana elitası"nın bu gün mənsəb uğrunda güzəştsiz mübarizəsi, idarəetmə təcrübəsinin olmaması, iqtisadiyyatın aparıcı sahələrinə kadrların peşəkarlıq, bacarıq və təcrübə prizmasından deyil, şəxsi tapşırıq prizmasından təyin edilməsi, Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsini şərtləndirdi.
Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər deyirdi: "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə həsr edəcəyəm".
1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü münasibətilə xalqı təbrik edən ölkə Prezidenti deyirdi: "Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin :am müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır.
Ona görə də mən bu əlamətdar gündə, bizim üçün böyük bayram günündə Azərbaycan xalqına, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm, Azərbaycan Respublikasının ictimai-siyasi xadimlərinə, ziyalılarına, dövlət orqanlarında vəzifə daşıyan şəxslərə, hər bir vətəndaşa müraciət edirəm və hər bir kəsi Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək üçün, bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm". Məhz Heydər Əliyev xalqın istək və arzularını onun dövlətçilik ənənələri, milli maraq və mənafeləri üzərində kökləyə, bu qüdrətli və təbii qaynaqdan düzgün istifadə etməklə (dilindən, dinindən və milliyyətindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan bütün pusanların həyati maraqlarını vahid məqsəd - evlətçilik ideyası ətrafında birləşdirə bildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirdi: bu, Qərblə inteqrasiya, demokratik inkişaf və hüquqi dövlət quruculuğu yolu idi, azərbaycançılıq və vətəndaş həmrəyliyi yolu idi.
Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövlətlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətinin təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxladı. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququnun subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı verdi.
Bu gün Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son on üç ildə sürətlə inkişaf edərək, regionun lider dövlətinə çevrilib.
Fatimə Quliyeva,
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru,
riyaziyyat üzrə fəlsəfə doktoru
Bakı Biznes və Kooperasiya Kollecinin direktoru,
riyaziyyat üzrə fəlsəfə doktoru