28 May Respublika Günüdür

28 May Respublika Günüdür Müstəqillik Azərbaycan xalqının qürur günü, fəxr günüdür!
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Eləcə də Azərbaycan xalqının... Tarix boyu Azərbaycan özünün iqtisadi-coğrafi mövqeyi , faydalı qazıntıları, bir-birindən gözəl guşələri ilə məşhur olmuş, elə buna görə də daim “Qara donlu xəbislərin” diqqət mərkəzində olmuşdur. Səfəvilər dövründə Azərbaycan torpaqları vahid dövlət halında birləşmiş və Azərbaycan dili ifadəsi işləməyə başlamışdır. Daha sonra dövlət yenidən parçalanmış, bir-birilə ədavət saxlayan xanlıqlar yaranmışdır. Bu dövrdə vahid dövlətin olmamasının nəticəsində Azərbaycan torpaqları bölüşdürüldü və bəzi əzəli torpaqlarımız qonşu dövlətlərə “bağışlandı”. Nəhayət bu haqsızlıqlardan bezmiş xalq azadlığa, müstəqilliyə can atırdı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Gürcüstan federasiyadan çıxmaq haqqında bəyanatından sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi. Mayın 27-də Seymin Azərbaycan fraksiyası M.Ə.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı. 1918-ci ilin mayın 28-də Milli Şura tərəfindən Azərbaycanın dövlət müstəqilliyi elan olundu və “İstiqlal Bəyannaməsi” qəbul edildi. ”İstiqlal Bəyannaməsi” AXC-nin bütün fəaliyyətinə hüquqi təminat verən əsas qanun rolu oynamışdır. Mayın 28-də Milli Şura F.Xoyskinin başçılıq etdiyi Müvəqqəti hökümətin tərkibini təsdiq etdi. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik dövlət quruluşu olmuşdur.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunmasından Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov kimi Azərbaycan ziyalılarının böyük rolu olmuşdur. Bu Vətənpərvər Şəxslərin adları Azərbaycan tarixində “qızıl hərflərlədir”.
Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yaddaşlarda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası təşkil olunmuşdur. 1919-cu il sentyabrın 1-də Bakı şəhərində parlament Dövlət universitetinin təsis edilməsi haqqında qanun qəbul etdi və bununla da milli təhsil ocağının əsası qoyuldu. İlk dərs ilində Bakı Universitetinə 877 nəfər tələbə, 217 nəfər azad dinləyici qəbul edilmişdir ki,bunlardan da 297 nəfəri azərbaycanlı idi. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsi qaldırmışdır. 1920-ci ildə Azərbaycanda 95000 nüsxə kitab olan 11 kitabxana var idi. AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal muzeyi” yardıldı.
Müstəqilliyini bərpa etdikdən sonar bu bayram hər il ölkəmizdə təntənəli surətdə qeyd olunur. Bu il mayın 28-də AXC yaradılmasının 98 ili tama olur. Keçirilən tədbirlərdə Cümhuriyyət dövründə bir daha nəzər salınır, bu dövrün tariximizdəki yeri gələcək nəslə çatdırılır.
Müstəqillik günü Azərbaycanın qürur günü, fəxr günü, şərəf günüdür. Ona görə ki, müstəqil bir ölkənin azad vətəndaşı olmaq hər bir insanın arzusudur.
Var olsun müstəqil Azərbaycanımız !!!


TEHSIL - PRESS
INFORMASIYA AGENTLIYI

Oxşar xəbərlər