Qarın yırtıqlarının müalicəsinin optimal üsullarının işlənib hazırlanması sosial əhəmiyyət kəsb edir

Qarın yırtıqlarının müalicəsinin optimal üsullarının işlənib hazırlanması sosial əhəmiyyət kəsb edir Qarının ön divarında yerləşən irihəcmli yırtıqların cərrahiyyə yolu ilə aradan qaldırılmasının optimal üsullarının işlənib hazırlanması təkcə tibbi yox, həm də sosial əhəmiyyət kəsb edir. Bu kateqoriyadan olan xəstələrin əksəriyyətində əmək qabiliyyəti xeyli məhdudlaşır, onların bədbinliyə qapanmaları psixoloji kompleks yaradır, hətta həyat üçün təhlükə törədə bilən hallara gətirib çıxarır.
Tehsil-press.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) ümumi cərrahlıq və anesteziologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Elnur Qasımov deyib.
Onun sözlərinə görə, xəstəliyin əsas və yeganə müalicəsi cərrahiyyə yolu ilə aparılır. Müalicənin nəticəsinin yaxşı alınması üçün mütləq şəkildə müxtəlif tərkibli və ölçülü torlardan istifadə olunur. İndiyədək cərrahiyyə praktikasında istifadə edilən torlar primitivlikdən təkmilləşməyə doğru uzun bir yol keçib, lakin hələ də bu torlar həkimləri və xüsusən də xəstələri tam qane edəcək bir səviyyəyə çatdırılmayıb. Hazırda istifadə edilən torların müəyyən qismi əməliyyatdan sonra həcmcə kiçilir, onlarda büzüşmə gedir və təkrar yırtıqların əmələ gəlməsinə zəmin yaradır. Eyni zamanda, torlar yad cisim olduğuna görə müxtəlif növ ağırlaşmalar yarada bilir. Belə ağırlaşmaların ən təhlükəli növlərindən biri anibiotiklərin enteral və parenteral təyin edilməsinə baxmayaraq, kəskin və xroniki infeksiyanın ətraf toxumalardan torun üzərinə yayılıb həmin nahiyədə irinli proses yaratmasıdır. Bu da bəzi hallarda torun təkrar əməliyyatla çıxarılmasına və yenidən yırtığın əmələ gəlməsinə səbəb ola bilir. Buna görə istifadə edilən torların optimal variantlarının işlənib hazırlanması herniologiya elminin qarşısında duran prioritet məsələlərdəndir.
“Qeyd olunanları nəzərə alaraq son bir ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən və yeni texnologiyalar yaratmağa imkan verən, eləcə də zəngin elmi-praktiki potensiala malik olan Qeyri-Üzvi Kimya və Kataliz İnstitutunun laboratoriyasının əməkdaşları ilə əlaqə saxladıq, artıq bu istiqamətdə elmi işlər aparırıq. Hazırda Almaniyada, ABŞ-da və digər ölkələrdə istehsal olunan torların eksperimental yolla hazırlanmasına və cərrahi təcrübədə tətbiqinə elmin inkişafı naminə böyük maliyyə vəsaitləri sərf edilir. Bizim bu sahədə atdığımız addımlar Sankt-Peterburq alimləri ilə bağlanmış müqavilə əsasında aparılır. Diqqətimizi cəlb edən müasir texnologiyalardan biri ondan ibarətdir ki, ölkəmizdə inkişaf etmiş kimya sənayesinin imkanlarından istifadə edərək keyfiyyətlə hazırlanan torların üzərinə kimyəvi üsulla yüksək dərəcədə bakterisid xassəyə malik olan antibakterial komponentlər hopdurulur. Belə bir torun hazırlanması əməliyyatdan sonrakı mərhələdə plastika sahəsinin patogen mikroorqanizmlərdən qorunmasında və təkrar yırtıqların əmələ gəlməsinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edə bilər”, - deyə E.Qasımov bildirib.
Azərbaycanda belə torların istehsalının mümkünlüyünə gəlincə, həkim qeyd edib ki, əvvəllər ölkəmizdə yırtıqların plastikası üçün torlardan istifadə faizi çox cüzi idi, lakin son 10 ildə beynəlxalq əlaqələrin qurulması nəticəsində cərrahların inkişaf etmiş xarici ölkələrin müasir klinikalarında təkmilləşmə kursları keçmələri onların imkanlarını genişləndirib. Bu da bizi torların hazırlanması istiqamətində tədqiqatlar aparmağa sövq edib. “Ümidverici məqamlardan biri odur ki, bizdə bu istiqamətin işlənilməsi Elmin İnkişaf Fondu tərəfindən qranta layiq görülüb. Aparılan tədqiqatlar müsbət nəticələr versə, ölkəmizdə də belə torların istehsalının reallaşması mümkün ola bilər. Bu sahədə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində apardığımız eksperimentlərdən əldə etdiyimiz preparatlar histoloji müayinədən keçirilib. Hesab edirik ki, belə torların işlənib hazırlanma texnologiyasının bir hissəsinin ölkəmizdə aparılmasına şərait yaransa, bu, xaricdə hazırlanan torlardan nisbətən ucuz başa gələr”, - deyə E.Qasımov əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər