Rezidentlərin baş həkimlərlə görüşü onlara iş yeri seçmək imkanı yaradıb

Rezidentlərin baş həkimlərlə görüşü onlara iş yeri seçmək imkanı yaradıb Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyə Nazirliyinin göstərişi ilə rezidenturanı bitirmiş həkim-mütəxəssislərin tibb müəssisələrinin rəhbərləri ilə görüşü keçirilib.
İnstitutdan tehsil-press.az-a bildirilib ki, görüşdə çıxış edən Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva son illərdə ölkə səhiyyəsində əldə olunmuş mühüm nailiyyətlərdən danışaraq regionlarda tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasını xüsusi qeyd edib. O bildirib ki, regionlarda müasir standartlara cavab verən müalicə diaqnostika mərkəzləri və xəstəxanalar inşa edilərək lazımi avadanlıqla təmin edilib. Bu müəssisələrdə yüksək ixtisaslı və müasir tibbi biliklərə yiyələnmiş mütəxəssislərə ehtiyac olduğunu bildirən Z.Mustafayeva deyib ki, baş həkimlərlə keçirilən bu görüş təhsilini bitirmiş rezidentlərə iş yeri seçmək imkanı yaradacaq.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova “Doğuşayardım xidmətində kadr təminatının təkmilləşdirilməsi” mövzusunda çıxış edərək əldə olunan nailiyyətlərdən və qarşıya çıxan problemlərdən danışıb. Qeyd edib ki, ən böyük problem regionlarda müasir texnologiyaları mənimsəmiş kadrların kifayət qədər olmamasıdır. Ona görə də, təhsilini bitirən rezidentlərin işləmək üçün regionlara getməsi bu problemin həll olunmasına kömək edə bilər.
Sonra bir çox şəhər və rayon xəstəxanalarının baş həkimləri çıxış edərək yerlərdə mütəxəssislərə olan ehtiyac, tibb xidmətlərinin göstərilməsi üçün yaradılmış şərait və gənc kadrlara göstərilən kömək barədə məlumat veriblər.
Görüş həkim-mütəxəssislərin suallarının cavablandırılması ilə başa çatıb.

Rezidentlərin baş həkimlərlə görüşü onlara iş yeri seçmək imkanı yaradıb

Tehsil-press.az

Oxşar xəbərlər