“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib

“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib Mayın 24-də AMEA Rəyasət Heyəti, AR Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı baş tutub.
Tədbirin məqsədi elektron səhiyyənin formalaşdırılmasına elmi dəstək verilməsi və prioritetlərin müəyyənləşdirilməsi, bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, eləcə də xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə davamlı əməkdaşlıq əlaqələrinin təşkilindən ibarət idi.
AMEA-nın Əsas binasında keçirilən tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları və tibb sahələri üzrə aparıcı alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.
Konfransı giriş nitqi ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə e-tibbin formalaşması problemlərinin müxtəlif aspektləri ilə məşğul olan alim və mütəxəssislərin bir araya gəlməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu bildirdi.
A.Əlizadə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən birinin də məhz elektron səhiyyə sisteminin formalaşdırılması, İKT-nin səhiyyədə tətbiqinin genişləndirilməsi olduğunu qeyd etdi.
AMEA prezidenti akademiyada bu istiqamətdə aparılan elmi tədqiqatlardan söz açaraq bildirdi ki, prioritet elmi istiqamətlər sırasında biologiya və tibb sahəsində dünyanın yeni çağırışlarına uyğun araşdırmaların aparılması əsas hədəflərdəndir: “Buna misal olaraq, kök hüceyrə, molekulyar biologiya və təbabət, tibdə kompüter texnologiyaları, yeni dərman texnologiyaları və s. kimi müasir elmi istiqamətləri göstərmək olar”. Ölkədə biotibbi informatika, elektron tibb problemləri ilə bağlı ayrı-ayrı elmi mərkəzlərdə tədqiqatlar aparıldığını, müxtəlif klinikalarda elektron tibbin formalaşdırılması istiqamətində praktiki işlərin həyata keçirildiyini və bir sıra nailiyyətlərin əldə olunduğunu bildirən alim eyni zamanda, bu istiqamətdəki tədqiqatlarla bağlı bir sıra təşkilati və metodoloji problemlərin mövcud olduğunu da söylədi.
AR Səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə e-tibbin formalaşması ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan uğurlardan danışdı. Bildirdi ki, bu istiqamətdə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində kompleks tədbirlər həyata keçirilir. E.Ağayev e-tibbin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırdı.
AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkədə səhiyyə və tibb elminin inkişafına göstərilənqayğıdan söz açdı. O, bütün regionlarda yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, tibb elminin ən son yenilikləri, texnoloji innovasiyalar, müasir müalicə üsullarının klinika və sağlamlıq mərkəzlərində uğurla tətbiq edildiyini, həkimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün səmərəli işlərin görüldüyünü söylədi. Səhiyyə Nazirliyinin elmi müəssisələrində, o cümlədən Milli Onkologiya Mərkəzinin nəzdindəki Nüvə Təbabət Mərkəzində ən son texnologiyaların tətbiq edildiyini diqqətə çatdırdı.
Tədbirdə AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Elektron tibbin formalaşmasının aktual elmi-nəzəri problemləri və həlli perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Akademik e-tibbin e-hökumətin tərkib hissəsi olduğunu qeyd edərək bu sahədə mövcud problemlərin multidissiplinar xarakter daşıdığını nəzərə çatdırdı. E-tibbin texnoloji, iqtisadi, demoqrafik, psixoloji, hüquqi, etik və s. aspektlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etdi. R.Əliquliyev İnformasiya cəmiyyəti məsələləri üzrə Tunis Dünya Sammiti, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, Ümumdünya Səhiyyə Təşkilatının e-səhiyyəyə dair sənədlərində e-tibbin çoxaspektli problemlərinə xüsusi yer verildiyini diqqətə çatdırdı.
Tədbirdə həmçinin AR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vurğun Hacıyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mövcud tibbi informasiya sistemlərinin imkanları haqqında”, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli “Tibbi təhsildə kompüter texnologiyaları”, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Azərbaycan Respublikasında tibbi informatikanın təşəkkülü və perspektivləri”, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb elmləri üzrə elmi şurasının sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov “Təbabətdə informasiya texnologiyaları və ölkədə həllini gözləyən problemlər” mövzusunda məruzələrlə çıxış etdilər. Elektron tibbin elmi-nəzəri və praktiki problemlərindən bəhs edilərək, onların həlli üçün yeni imkanların yaranması baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyi bildirildi.
Konfrans öz işini AMEA İnformasiya Texnologiyaları İnstitutunda üç paralel seksiya iclasında davam etdirib. “Tibdə İKT-nin elmi-nəzəri problemləri”, “Tibdə İKT-nin praktiki problemləri” və “İKT-nin tibbi problemləri” seksiyaları üzrə elektron tibbin formalaşmasının konseptual əsasları, texnoloji təminatı, təşkilati-hüquqi, təhlükəsizlik, terminoloji problemləri, sosial-iqtisadi aspektləri və s. mövzularda 75 məruzə təqdim olunub.

ATU-nun Mətbuat Şöbəsi


“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib“Elektron tibbin multidissiplinar problemləri” I Respublika elmi-praktik konfransı keçirilib

Oxşar xəbərlər