Məşhur Çinli səyyah ADU-da

Məşhur Çinli səyyah ADU-da Oktyabrın 11-də məşhur Çinli səyyah, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətinin elçisi Chen Lianquan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri ilə görüşdü.
Görüşdən öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Çinli səyyah Chen Lianquanı qəbul etdi. Qonağı salamlayan Dünyamin Yunusov onu Dillər Universitetində görməkdən məmnunluğunu dilə gətirdi. Universitetin tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verən professor ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini qeyd etdi. O, təhsil müəssisəsində tədris olunan 22 dil sırasında Çin dilinin də yer aldığını vurğuladı. Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu haqqında danışan Dünyamin Yunusov adıçəkilən İnstitutun direktoru Rafiq Abbasovun fəaliyyətini yüksək qiymətləndirdi.
Çinli səyyah Chen Lianquan səmimi qəbula görə minnətdarlığını ifadə etdi. Səyahət etməyin uşaqlıq arzusu olduğunu söyləyən qonaq bu qərara 2003-cü ildə gəldiyini sözlərinə əlavə etdi. Dünyanın 100-dən çox ölkəsinə səyahət edən səyyah Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirdi.
Görüşün sonunda qonaq professor Dünyamin Yunusova kitab hədiyyə etdi.
Onu da əlavə edək ki, Çinli səyyah Chen Lianquanın səyahət etdiyi ölkələrdə olduğu zaman müvafiq rəsmi şəxslərin fikirlərini yazdığı dəftərinə professor Dünyamin Yunusov da öz ürək sözlərini qeyd etdi.
Rəsmi qəbuldan sonra Çinli səyyah Chen Lianquan ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri ilə görüşdü.
Görüşdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov Azərbaycanın çoxəsrlik tarixi, unikal təbiəti və qədim mədəniyyəti haqqında danışaraq Böyük İpək Yolunun inkişafında ölkəmizin tranzit mövqeyini xüsusilə qeyd etdi.
Çinli qonaq velosiped və motosikl ilə dünya səyahətləri haqqında məlumat verdi. 100-dən çox ölkəni səyahət edən qonaq tarixi İpək Yolunun ölkələrinin mədəniyyətləri ilə bağlı təəssüratlarını bölüşdü.
Görüşdə qonağa “İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab təqdim olundu.

ADU-nun Mətbuat Xidməti


Məşhur Çinli səyyah ADU-da

Məşhur Çinli səyyah ADU-da

Məşhur Çinli səyyah ADU-da

Oxşar xəbərlər